Dünyanın ən nadir poniləri bu adada yaşayır - Sayları cəmi 300-400-dür

DÜNYA
09:25 / 29.09.2026
49

Şotlandiyanın Xarici Hebrid adalarından olan Eriyskayda dünyanın ən nadir at cinslərindən biri hesab edilən Eriyskay poniləri yaşayır.

HİT.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, adanın qayalıq ərazilərində sərbəst dolaşan ağ və boz rəngli bu heyvanların sayı olduqca azdır. Hazırda dünyada cəmi 300-400 civarında safqan Eriyskay ponisinin qaldığı təxmin edilir.

Bu ponilər nə tam vəhşi, nə də qapalı şəraitdə saxlanılan heyvanlardır. İlin təxminən yarısında adada sərbəst hərəkət edir, hətta kənd ərazisinə də daxil olurlar. Hər poninin sahibi var və yerli sakinlər onları asanlıqla bir-birindən ayıra bilirlər.

Eriyskay adasında təxminən 150 nəfər yaşayır. Balıqçılıq və kiçik təsərrüfatlarla məşğul olan yerli əhali üçün ponilər uzun illərdir adanın mədəni həyatının ayrılmaz hissəsidir.

Əvvəllər ponilər təsərrüfat işlərində geniş istifadə olunurdu. Onların köməyi ilə torf daşınır, həmçinin tarlalarda gübrə kimi istifadə edilən dəniz yosunları daşınırdı. Lakin kənd təsərrüfatında mexanikləşmənin artması nəticəsində 1970-ci illərdə safqan ponilərin sayı cəmi 20-yə qədər azalmışdı. Cinsin qorunması məqsədilə 1972-ci ildə “Comann Each nan Eilean” adlı yerli birlik yaradılıb.

Sonrakı illərdə ponilərin sayı artsa da, onların gələcəyi hələ də risk altındadır. Yerli sakinlər iqlim dəyişikliklərinin heyvanlara təsir etdiyini bildirirlər. Qışların daha uzun və yağışlı keçməsi, eləcə də gənələrin yayılması ponilərin sağlamlığı üçün əlavə problemlər yaradır.

Heyvanların sərt hava şəraitinə uyğunlaşmasına qalın tükləri və küləkdən qorunan əraziləri tapmaq qabiliyyəti kömək edir. Qış aylarında isə sahibləri onlara əlavə yem verir, yayda ponilər Binn-Skiatan yamaclarına aparılır ki, aşağı ərazilərdəki otlaqlar bərpa olunsun.

Hazırda yerli birlik ponilərin sayını və çoxalmasını nəzarətdə saxlayır. Məqsəd həm cinsin qorunması, həm də otlaqların heyvanları kifayət qədər qida ilə təmin edə bilməsidir.

Yerli sakinlər üçün bu ponilər sadəcə nadir heyvanlar deyil. Onlar Eriyskayın tarixinin və mədəni irsinin mühüm hissəsi hesab olunur. Ada sakinlərindən biri ponilərin hər birinin öz adı, xarakteri və fərqli xüsusiyyətləri olduğunu bildirərək, onları müşahidə etməyin xüsusi zövq verdiyini deyib.

Samir
 

0