Süni intellektlə səsləri klonladılar, 95 milyon avro köçürtdülər

DÜNYA
20:20 / 28.09.2026
51

İtaliyada süni intellektdən istifadə etməklə həyata keçirilən mürəkkəb dələduzluq nəticəsində bankdan təxminən 95 milyon avro köçürülüb.

HİT.az xəbər verir ki, hadisə “Intesa Sanpaolo” bankının özəl bankçılıq bölməsi “Fideuram”ın sabiq İdarə Heyətinin sədri Paolo Molesininin hədəfə alınması ilə baş verib.

Dələduzluq 2026-cı ilin fevralında Molesininin “WhatsApp” vasitəsilə aldığı mesajla başlayıb. Mesaj bankın baş direktoru Karlo Messinadan göndərilmiş kimi hazırlanıb. Saxta mesajda xaricdə təcili maliyyə əməliyyatının həyata keçirilməsi üçün “Fideuram”ın köməyinə ehtiyac olduğu bildirilib.

Bundan sonra Molesinini tanıdığı hüquqşünas Paolo Nastasidən zəng gəlib. Lakin zəng edən şəxs əslində Nastasi olmayıb. Dələduzlar onun səsini süni intellekt vasitəsilə klonlayaraq telefon danışığında saxta “WhatsApp” mesajındakı tələbi təsdiqləyiblər.

Şübhəlilər bununla kifayətlənməyərək hüquq firmasından göndərilmiş kimi görünən saxta elektron məktublar da hazırlayıblar. Beləliklə, “WhatsApp” mesajı, telefon danışığı və e-poçt vasitəsilə eyni maliyyə əməliyyatının müxtəlif kanallardan təsdiqləndiyi görüntüsü yaradılıb.

Bu ssenariyə inanan Molesini bankın müvafiq maliyyə bölməsinə pul köçürmələrinin həyata keçirilməsi barədə göstəriş verib. Nəticədə təxminən 95 milyon avro bir neçə əməliyyatla xaricdəki hesablara göndərilib. Pulun böyük hissəsinin Çin və Honq-Konqa, bir hissəsinin isə Portuqaliyaya yönəldildiyi bildirilib.

Dələduzluq qısa müddətdə aşkar edilib. Bankın beynəlxalq əməkdaşlıq mexanizmlərini işə salması nəticəsində təxminən 59 milyon avro geri qaytarılıb və ya bloklanıb. Lakin ən azı 36 milyon avronun hələ də itkin olduğu bildirilir. Araşdırmaya görə, vəsaitin bir hissəsi Portuqaliyadakı bank hesabından keçirildikdən sonra bitkoinə çevrilib.

İstintaq çərçivəsində Portuqaliyada təxminən 13 milyon avro dondurulub. Çində isə banklararası əməkdaşlıq sayəsində 40 milyon avrodan çox vəsaitin bloklandığı açıqlanıb.

Hadisədən sonra Paolo Molesini “Fideuram”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb. İtaliya hakimiyyətinin araşdırmasında onun şübhəli şəxs kimi qiymətləndirildiyinə dair məlumat yoxdur. İstintaqın əsas diqqəti dələduzluğun təşkilatçılarını müəyyənləşdirməyə və itkin vəsaitlərin izinə düşməyə yönəlib.

Hadisə süni intellektin maliyyə dələduzluqlarında istifadəsi ilə bağlı narahatlıqları da artırıb. İtaliya bankçılıq sektoru üzrə məlumatlara görə, ölkədə rəqəmsal dələduzluq nəticəsində oğurlanan vəsaitin həcmi 2025-ci ildə 269 milyon avroya çatıb.

“Intesa Sanpaolo”nun təhlükəsizlik bölməsinin məlumatına əsasən, bank 2026-cı ilin əvvəlindən etibarən təxminən 5 min süni intellektlə hazırlanmış saxta videonun qarşısını alıb. Onların bir hissəsində bankın baş direktoru Karlo Messinanın siması və kimliyindən istifadə edilib.

İtaliyadakı son hadisə süni intellektin artıq yalnız saxta görüntü və səs yaratmaq üçün deyil, şəxslərin etimadını mərhələli şəkildə qazanaraq böyük maliyyə əməliyyatlarına təsir göstərmək üçün də istifadə edildiyini göstərib.

Samir

0