“Azərbaycan xalqı Qarabağ Zəfərini 30 ilə yaxın gözlədi və nəhayət o möhtəşəm hissləri yaşadı”.
Bu sözləri Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hətta bir çoxları Azərbaycanın qısa zamanda bu tarixi uğura nail olacağına inanmırdı:
“Lakin Azərbaycan xalqı və hakimiyyəti əsla ümidsizliyə qapılmadı. Biz illər ərzində dözdük və bütün sınaqlardan keçdik. Millətin böyüklüyü də elə bundadır. Məsələn, biz XIX əsrdə Rusiyaya qarşı Azərbaycan dövlətlərini, xanlıqları qanımızla, çox əziyyətlərlə müdafiə etdik. Onlara qarşı dayananda ruslar neçə-neçə qırğınlar etdilər. Amma qüvvələr nisbəti bərabər olmadığına görə məğlubiyyət oldu”.
Ekspert qeyd edib ki, ondan sonra da Azərbaycan bir gün də mübarizəsini dayandırmadı:
“XIX əsrin 30-cu illərindən demək olar ki, hər il Rusiyaya qarşı çıxışlar, üsyanlar olurdu. Lənkəran üsyanı, Şəki üsyanı və Quba üsyanı oldu. Demək olar ki, Qarabağda hər il Rusiya əsarətinə qarşı üsyanlar oludur.
XIX əsrin 30-cu illərində qaçaq hərəkatı da məhz o vaxtlar başladı. İnsanlar rusların məmurlarını, çinovniklərini öldürüb dağlara çəkilirdilər. Çünki bu əsarəti qəbul etmək istəmirdilər. Sonunda da gəldik Xalq Cümhuriyyətini yaratdıq, amma ruslar yenidən işğal etdilər. Yenə də 40-cı, 50-ci illərə qədər Azərbaycanda ruslara, SSRİ-yə qarşı hərəkat davam edirdi”.
Tarixçi diqqətə çatdırıb ki, ən ağır zamanda – Stalin rejimi şəraitində, İkinci Dünya müharibəsinin gedişində azərbaycanlılar özlərinin gizli təşkilatlarını yaratmışdılar:
“1957-ci ildə Azərbaycan bayrağını, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Qız qalasının üzərinə Cahid Hilaloğlu qaldırmışdı. Yəni təşkilatlar yaranırdı. Azərbaycan heç vaxt bu işğalla və yaxud hər hansı təzyiqlə razılaşmamışdı. Rusiya da erməniləri öz əli ilə bizə qarşı qaldırmışdı. Ruslar erməni adı ilə bizim torpaqları işğal etmişdilər. 30 il ərzində gözlədik, mübarizə apardıq. Hər şeyi yoxladıq, axırda qalib gəldik”.
Partiya sədri əlavə edib ki, Azərbaycan xalqı cəmi 44 gün ərzində böyüklüyünü göstərdi:
“Biz Azərbaycan xalqının tarixi dövlətçilik ənənələri olduğunu bütün dünyaya bir daha sübut etdik. Azərbaycan xalqının heç vaxt heç kəsə tabe olmayacağını və qəhrəmanlığımızı göstərdik. Bütün müharibə boyu hərbçilərlə yanaşı, vətəndaşlar da kütləvi şəkildə insanlar qəhrəmanlıq göstərdilər.
Azərbaycan əsgərləri dünyanın heç bir xalqına, millətinə mənsub olmayan qəhrəmanlıqlar göstərirdilər. Dünya Azərbaycan xalqının o dövrdə göstərdiyi fərdi qəhrəmanlıqdan hələ də danışır. İnsanlar kütləvi şəkildə orduya köməyə getmək istəyirdilər. Əlbəttə ki, belə bir vəziyyət dünya tarixində olmamışdı”.
Akif Nağı vurğulayıb ki, Vətən müharibəsindəki Zəfərimizin çox böyük əhəmiyyəti var:
“Biz bu Zəfər sayəsində dövlətçiliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü tam şəkildə bərpa etdik. Üstəlik, bu günlərdə nümunəvi bir dövlət kimi inkişaf edirik. Əgər yarımçıqlıq olsaydı, nümunəvi dövlətimiz bu şəkildə ola bilməzdi.
Hazırda işğaldan azad olunan əzəli torpaqlarımızda böyük quruculuq işləri gedir. Nəticədə, yeni reallıqlar fonunda Azərbaycan regional lider dövlətə çevrilib. Hesab edirəm ki, bunların hamısı böyük qələbəmizin və Zəfərimizin nəticəsində mümkün olub”.
Elmir Mustafa



