NATO-nun Rusiyanın Avropadakı hibrid hücumlarına kifayət qədər sərt və koordinasiyalı reaksiya verməməsi gələcəkdə daha ciddi qarşıdurmaya yol aça bilər.
HİT.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi Culian Smit “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində yazıb.
Smitin sözlərinə görə, Rusiya son dövrlərdə Avropaya qarşı hibrid fəaliyyətlərini genişləndirib. Buraya kiberhücumlar və dezinformasiya kampaniyaları ilə yanaşı, təxribatlar, yanğınlar və pilotsuz uçuş aparatlarından istifadə də daxildir. Onun fikrincə, Rusiya əvvəlki dövrlərdən fərqli olaraq bəzi hallarda iştirakını gizlətmək üçün daha az səy göstərir.
Müəllif hesab edir ki, NATO hər insidenti ayrı-ayrılıqda araşdırır və əsasən məhdud tədbirlər görür. Bu isə Moskvanın ciddi nəticələrlə üzləşmədən addımlarını tədricən daha da sərtləşdirməsinə imkan yarada bilər. Smit bu prosesi “sürünən eskalasiya” kimi xarakterizə edib və növbəti insidentlərdən birinin NATO ölkəsində çoxsaylı insan tələfatına və ya birbaşa silahlı qarşıdurmaya səbəb ola biləcəyini qeyd edib.
Smitin fikrincə, Moskvanın əsas məqsədi hazırda NATO ilə açıq müharibəyə başlamaqdan daha çox, Alyansın 5-ci maddəni nə dərəcədə tətbiq etməyə hazır olduğunu yoxlamaq və üzv ölkələr arasında fikir ayrılığı yaratmaq ola bilər. O hesab edir ki, Rusiya həmçinin Avropa ölkələrini Ukraynaya dəstəyi davam etdirməkdən çəkindirməyə və bunun siyasi qiymətini artırmağa çalışır.
Keçmiş diplomat ABŞ və NATO müttəfiqlərini Rusiyanın hibrid fəaliyyətlərinə daha koordinasiyalı cavab verməyə çağırıb. O, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini, kibertəhlükəsizlik imkanlarının genişləndirilməsini, sualtı infrastrukturun qorunmasını və Ukraynaya dəstəyin artırılmasını təklif edib.
Samir

