ABŞ-də köhnə evlərində təmir işləri aparan ər-arvad divarın içərisində 1914-cü ilə aid məktub aşkarlayıb. İsveç dilində yazılan məktubun ünvanlandığı şəxslərin ev sahiblərinin deyil, qonşularının olduğu üzə çıxıb.
HİT.az xəbər verir ki, bu barədə “Times of India” nəşri məlumat yayıb.
İllinoys ştatının Evanston şəhərində yaşayan Keyt və Bill Pirs cütlüyü tarixi evi 2022-ci ildə alıb. Mətbəxin təmiri zamanı santexnika xətlərinə çıxış əldə etmək üçün divarın bir hissəsini sökən ev sahibləri toz basmış, möhürlənmiş zərf tapıblar. Zərfin üzərində dörd xarici poçt markası olub.
Əvvəlcə məktubun hansı dildə yazıldığını və məzmununu müəyyənləşdirə bilməyən Keyt tapıntının fotolarını sosial şəbəkədə paylaşıb. İzləyicilərdən biri məktubun isveç dilində olduğunu müəyyənləşdirərək onun tərcüməsinə kömək edib.
Məlum olub ki, məktub Elze adlı qadına onun anası tərəfindən yazılıb. Məktubda İsveçdə gündəlik həyatla bağlı məlumatlar verilib, həmçinin belində problemlər olan atanın səhhətindən bəhs edilib.
Cütlük sonradan məktubun üzərindəki ünvanı diqqətlə araşdırarkən onun öz evlərinə deyil, qonşularına göndərildiyini müəyyən edib. Bu detal məktubun niyə ünvanına çatmadığını və divarın içərisində qaldığını izah edə bilər.
Maraqlı tapıntını evdən çıxarmaq əvəzinə, Pirs cütlüyü onu qoruyub saxlamağa qərar verib. Onlar məktubu çərçivəyə salaraq divardan asmağı planlaşdırırlar. Beləliklə, bir əsrdən çox müddət ərzində gizli qalan məktub tarixi evin keçmişini əks etdirən xatirəyə çevriləcək.
Samir


