İnsan ürəyi toxumasından elektrik enerjisi əldə edildi

SAĞLAMLIQ
19:29 / 27.10.2026
59

ABŞ alimləri insanın ürək əzələsi hüceyrələrindən istifadə etməklə elektrik enerjisi yarada bilən canlı toxuma yetişdiriblər. Yeni texnologiya gələcəkdə batareyasız işləyən tibbi implantların hazırlanmasına imkan verə bilər.

HİT.Az xəbər verir ki, Massaçusets Universitetinin Amherstdəki mühəndisləri tərəfindən hazırlanan tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Təcrübə zamanı alimlər ölçüsü 7x8 millimetr olan elastik tor hazırlayıblar. Torun üzərində əyildikdə elektrik gərginliyi yaradan pyezoelektrik keramikadan hazırlanmış 64 mikroskopik element yerləşdirilib. Daha sonra bu konstruksiyanın üzərinə insan kök hüceyrələrindən əldə edilən ürək əzələsi hüceyrələri əlavə olunub. Bir neçə gün ərzində hüceyrələr elementləri əhatə edən canlı toxuma təbəqəsi formalaşdırıb.

Tədqiqatçıların məlumatına görə, yetişdirilən toxuma təxminən hər iki-üç saniyədən bir öz-özünə yığılmağa başlayıb. Hər yığılma zamanı elastik tor əyilərək elektrik impulsu yaradıb. Konstruksiyanın təkmilləşdirilməsindən sonra əldə edilən gərginlik 450-750 millivolta çatıb. Bu proses zamanı ürək toxumasının normal yığılma fəaliyyəti də davam edib.

Alimlər bildirirlər ki, yeni qurğunun əsas üstünlüyü enerji istehsal edən elementlərin bütün tor boyunca yerləşdirilməsidir. Bu yanaşma hərəkət enerjisinin elektrik enerjisinə çevrilməsində konstruksiyanın daha böyük hissəsindən istifadə etməyə imkan verir.

Gələcəkdə texnologiyanın kardiostimulyatorların və digər implantasiya olunan tibbi cihazların enerji ilə təmin edilməsində tətbiqi nəzərdə tutulur. Hazırda belə qurğuların əksəriyyəti batareyalardan istifadə edir. Yeni sistem, həmçinin yaranan elektrik impulsları vasitəsilə ürək yığılmalarının izlənməsinə kömək edə bilər.

Bununla belə, texnologiyanın insan orqanizmində istifadəsinə qədər əlavə sınaqlar aparılmalıdır. Növbəti mərhələdə onun daha mürəkkəb şəraitdə işləməsi və canlı toxumalarla uyğunluğu yoxlanılacaq.

Samir
 

0