Serbiya telekanalı illərlə hadisələri birtərəfli işıqlandırdığına görə tamaşaçılardan üzr istədi

DÜNYA
18:45 / 27.10.2026
66

Serbiyanın RTV telekanalı uzun illər ərzində hadisələri birtərəfli və hakimiyyətin mövqeyinə uyğun işıqlandırdığına görə tamaşaçılardan üzr istəyib. Kanalın baş redaktoru Nenad Çaçiç isə kollektivin tələbindən sonra vəzifəsindən istefa verib.

HİT.az xəbər verir ki, bu barədə “Vijesti” nəşri məlumat yayıb.

Üzr müraciəti oktyabrın 26-da axşam xəbərləri proqramında səsləndirilib. Novi-Sad sakinlərinin seçki nəticələrini qeyd etməsini əks etdirən görüntülərdən sonra aparıcı Goran Eror bildirib ki, bunlar telekanalın senzura səbəbindən əvvəllər yayımlamadığı hadisələrin yalnız bir hissəsidir.

“Dövlət telekanalı uzun illər öz funksiyasını yerinə yetirməyib. Susub, hadisələrə göz yumub, birtərəfli məlumat verib, lazımi sualları verməyib və ya ümumiyyətlə sual ünvanlamayıb. Buna görə tamaşaçılardan üzr istəməliyik”, – deyə aparıcı bildirib.

Eror bəzi əməkdaşların senzura ilə mübarizə aparmağa çalışdığını, lakin vaxtında uğur qazana bilmədiklərini də etiraf edib. O, bu mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Kollektivin tələbindən sonra baş redaktor Nenad Çaçiç vəzifəsindən ayrılıb. Onu əvvəllər telekanalın baş direktoru olmuş Blaşo Popoviç əvəzləyib.

Qeyd edək ki, oktyabrın 25-də Serbiyada növbədənkənar parlament seçkiləri keçirilib. İlkin hesablamalara əsasən, 14 ildir hakimiyyətdə olan Serb Tərəqqi Partiyası təxminən 105 mandat qazanır, müxalif “Tələbə siyahısı” hərəkatının isə 135–140 mandat əldə etdiyi bildirilir. Rəsmi nəticələr hələ açıqlanmayıb.

Samir

0