Xruşşovun oğlu ABŞ-da güllə yarasından ölüb – İntihar, yoxsa qətl?

DÜNYA
14:31 / 26.06.2020
1363

İyunun 19-da keçmiş sovet lideri Nikita Xruşşovun 1999-cu ildən ABŞ vətəndaşı olan oğlu Sergey Xruşşovun 84 yaşında Rod Aylenddəki evində vəfat etdiyi xəbər verilmişdi.

Lakin indi “Associated Press” agentliyi tibbi ekspertiza sözçüsü Jozef Vendelkenə istinadən yazır ki, ölümün səbəbi baş nahiyəsindəki güllə yarası olub. Yerli polisin nümayəndəsi mayor Tod Patalano iyunun 24-də deyib ki, “indiki mərhələdə kənardan hər hansı müdaxilənin olduğundan şübhələnmirlər”.

Polis Xruşşovun Krenstondakı evinə ötən cümə axşamı mərhumun arvadının zəngi ilə gəlmişdi. Təhqiqatın qapalı olduğu, heç bir ittiham irəli sürülmədiyi xəbər verilir. Nikita Xruşşovun nəticəsi Nina Xruşşova iyunun 19-da “Azadlıq” radiosuna Braun Universitetinin keçmiş professoru olan babasının bir gün öncə vəfat etdiyini açıqlamışdı.

Sergey Xruşşov 1958-ci ildə Moskva Energetika İnstitutunu bitirib, daha sonra Vladimir Xelomey raket dizaynı bürosunda çalışıb, orada ballistik raket və gəmilərin hazırlanmasına cəlb olunub. Sovet İttifaqında işinə görə müxtəlif mükafatlar alıb. 1991-ci ildə Rusiyadan gedənədək ölkənin ən qocaman və böyük texniki məktəbində – Bauman Moskva Dövlət Texniki Universitetində müəllim işləyib.

Xruşşov 1999-cu ildə ABŞ vətəndaşlığı alıb. O həmişə deyirdi ki, Sovet İttifaqından qaçmayıb, çünki iki ölkə daha düşmən deyillər.

Həmin vaxt vətəndaşlıq andı mərasimindən sonra Xruşşov “Associated Press” agentliyinə bunu da demişdi ki, özünü yenicə doğulmuş körpə kimi hiss edir. O başqa bir müsahibəsində bildirmişdi ki, 1971-ci ildə vəfat etmiş atası sağ olsaydı, onun Amerika vətəndaşlığını təqdir edərdi.

Sergey Xruşşov Birləşmiş Ştatlarda Braun Universitetinin Vatson Beynəlxalq Münasibətlər İnstitutunda siyasi elmlər və müasir tarixdən dərs deyib.

Özündən böyük ögey qardaşı Leonid Xruşşov II Dünya Müharibəsində 25 yaşında həlak olub.

Rusiyanın TASS xəbər agentliyi mərhumun dul xanımı Valentinaya istinadən bildirir ki, Xruşşov bu ilin oktyabrında Moskvada dəfn ediləcək. AP yazır ki, Valentina Xruşşova bir gün əvvəl agentliyə müsahibə vermək istəmədiyini deyib.

0
Azpolitika.info