Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? - TƏFƏRRÜAT

İQTİSADİYYAT
13:24 / 09.03.2023
1124

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi “4 MM AQRO” MMC (VÖEN- 6701560141) olub.

“4 MM AQRO” MMC Sumqayıt Yaşıllaşdırma İdarəsinin sifarişilə yaşıllıqların salınması işlərini həyata keçirəcək.

Nizamnamə kapitalı 10 manat olan “4 MM AQRO” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı, ev 1, m. 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızıdır.

Tender müsabiqəsinin maraqlı və şübhəli tərəfi odur ki, qalib şirkət – “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 7 gün əvvəl yaranan şirkətin 300 min manatlıq tenderi uda bilmək üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

“4 MM AQRO” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Yüzminlərlə manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

Onu da qeyd edək ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi əvvəllər də bu cür şübhəli tender müsabiqələri keçirib.

Məsələn, 25.05.2022-ci il tarixində 141 min manat dəyərində tender elan edib və qalib şirkət təxminən bir ay əvvəl – 15.04.2022-ci ildə dövlət qeydiyyatına alınan “SANDORA” MMC (VÖEN – 1203088251) olub. Yaxud da, 01.07.2022-ci il tarixində 1941 min manat dəyərində tender elan edilib və qalib şirkət təxminən iki ay əvvəl – 06.05.2022-ci ildə dövlət qeydiyyatına alınan “FIKSON TS CORP” MMC (VÖEN – 1102599721) olub.

0