Rusiya ilə əməkdaşlıq: Avtomobil bazarında ucuzlaşma yaradacaq

17:00 / 25.08.2023
512

Rusiyanın avtomobil istehsalçısı “Sollers” şirkəti 2023-cü ilin payızında Azərbaycanda fəaliyyətə başlayacaq.

Bu barədə “Sollers Alabuga” şirkətinin satış və marketinq direktoru Marat Şarapov məlumat verib.

Qeyd olunub ki, şirkət “Azərmaş” müəssisəsində istehsala başlayacaq.

"Biz bu yaxınlarda Azərbaycanla əməkdaşlığın inkişafı ilə bağlı müqavilə bağlamışıq. Payızda bu layihənin icrasına başlanacaq. Bu, bizim ilk ixrac bazarımız olacaq", - o deyib.

Şarapov əlavə edib ki, şirkət digər ölkələrin bazarlarına da çıxmağı hədəfləyib.

Maraqlıdır, bu avtomobil bazarındakı qiymətlərdə ucuzlaşma yarada bilərmi?

Hit.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bildirib ki, bu tip əməkdaşlıqlar bazarda qiymətləri az da olsa, tarazlaşdıracaq:

"Bu sevindirici addımdır. Çünki bu şirkətin iş prinsipində  marketinq və satış öndədir. Azərbaycanda xarici investorların fəaliyyət göstərməsi və investisiya qoyması qeyri-neft sektorunun inkişafı üçün düzgün addımdır. Minik avtomobillərinin ehtiyyat hissələri, özlərinin satışı və digər formatda iş birliyi daha səmərəli olacaq. Bu da öz növbəsində təbii ki, avtomobil bazarındakı qiymətlərə müsbət təsir edə bilər. Hazırda avtomobil bazarında durğunluq yaşanır. Buna da səbəb bir qədər qiymətlərdə artımın olmasıdır. Düşünürəm ki, bu tip əməkdaşlıqlar bazarda qiymətləri az da olsa, tarazlaşdıracaq".

Aynur Əli

0