Xiyarın kiloqramı 10 manat olacaq? - AÇIQLAMA 

İQTİSADİYYAT
11:55 / 07.12.2023
263

Azərbaycanda xiyarın kəskin bahalaşması son günlərin əsas müzakirə mövzularından biridir. 

Belə ki, bazarlarda 1 kiloqramı 4-5, hətta 6-7 manata təklif olunan xiyarlar satılır. Bu isə alıcıların təəccübünə və narazılığına səbəb olur. 

Maraqlıdır, xiyarın qiymətinin bahalaşması nə ilə əlaqədardır? Bu artım davam edəcəkmi? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bahalaşmaya səbəb sahədə yığılan xiyarın qurtarmasıdır:

339335

"Həmçinin, artıq bazarlara parnikdə yetişən xiyarların gəlməsi də buna səbəb olur. Yəni bu məqamlar xiyarın qiymətinin artmasına gətirib çıxarır. Düşünürəm ki, bunu normal qarşılamaq lazımdır. Amma sözügedən qiymətlərdə artımın davam etməsini gözləmirəm". 

Ekspertin sözlərinə görə, bir neçə həftə ərzində qiymətlər dəyişəcək:

"Ola bilər ki, hansısa növlərin qiyməti bahalaşa bilər. Lakin parnikdə yetişən xiyarlar bazara daha çox girdikcə qiymətlərdə eniş müşahidə edəcəyik. Əlbəttə ki, biz yaz və yay mövsümündəki qiymətlərdən də danışmırıq. 

Güman etmirəm ki, Azərbaycanda kiloqramı 10 manata olan xiyar görəcəyik. Amma parnikdə yetişən məhsullar mütəmadi şəkildə bazara çıxdıqca qiymətlərdə dəyişikliklər olacaq".

Pərviz

0