Azərbaycanda qızıl bahalaşdı - AÇIQLAMA

İQTİSADİYYAT
22:36 / 18.09.2024
200

Son günlər qlobal qızıl bazarında qiymətlərin artdığı müşahidə olunur. Bu tendensiya bir müddətdir ki, davam edir. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,26% artaraq 2 604 ABŞ dollarına bərabər olub. Beləliklə, qızıl fyuçersinin qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.  ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaldacağı gözləntiləri fonunda qızıl bahalaşmaqda davam edir. Bəs, qızılın bahalaşmasının Azərbaycan bazarına potensial təsirləri nədən ibarətdir?

Mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən "Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov fikirlərini bölüşüb.

O deyib ki, dünya bazarında qızılın bahalaşması Azərbaycan zərgərlik məmulatları bazarına təsirsiz ötüşmür. Mütəxəssisin sözlərinə görə, bu həm qızıl-gümüş qiymətlərinin, həm də onlardan hazırlanmış zərgərlik məmulatlarının qiymətlərinin artmasına səbəb olur:

“Ölkəmizdə 585, 750 və 999.9 əyarlı qızılın satış qiymətləri müvafiq olaraq artıb. “Azərbaycan Zərgərlər Assosiasiyası”nın araşdırmalarına əsasən, ilin əvvəlindən dünya birjasında bahalaşmaya uyğun olaraq yerli bazarda da müxtəlif əyarlı qızılın satışlarında təqribən 20-25 % bahalaşma müşahidə edilib. Qızılın qiyməti əyarına və onun işçilik qiymətinə uyğun olaraq formalaşır. Məmulatın maya dəyəri idxal edildiyi ölkə, istehsalçı şirkətləridən asılı olaraq dəyişir. Bazarda tələbat daha çox 999.9 əyarlı sikkə və külçələrədir, çünki qeyd olunan qiymətlilər daha çox yatırım vasitəsi olaraq alınırlar. “AzerGold” QSC-nin yerli qızıl xammalından istehsal edilən məhsulların satış və mübadilə mərkəzində yerli pərakəndə bazara təqdim etdiyi 999,9 əyarlı qızıl sikkə və külçələr dünya birjasına uyğun olaraq cüzi marja ilə satışa çıxarılır. Yerli bazarda satış qiymətləri 999,9 əyar qızıl üçün 150-160 manat, 750 əyar qızıl üçün 140-150 manat, 585 əyar qızıl üçün isə azı 110-115 manat arasında dəyişir”.

2021-ci ildən Azərbaycanda zərgərlik məmulatlarına hansı vergilər və rüsumlar tətbiq olunur və bunlar istehlakçılar üçün zərgərlik məmulatlarının qiymətinə necə təsir göstərir?

R.Əmircanov bildirib ki, 2021-ci ildə qüvvəyə minmiş vergi və gömrük güzəştlərinin müsbət nəticələri vardır. O xatırladıb ki, ötən dövr ərzində qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatların inkişafı və şəffaflığın təmin olunması məqsədilə bu sahəyə bir sıra vergi güzəşt və azadolmaları tətbiq olunub: “Belə ki, ölkəmizdə ardıcıl olaraq zərgərlik sənayesinin inkişafı üçün əməli addımlar atılmaqdadır. Ölkəmizdə müvafiq sektorun inkişafı və bu sahədə islahatların aparılması, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, habelə ölkədə yeni iş yerlərinin yaradılması, iqtisadiyyatda əlavə dəyərin formalaşması, zərgərlik bazarının şəffaflaşdırılması məqsədilə vergi güzəştlərini əhatə edən 23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və eyni zamanda 5 aprel 2021-ci il tarixində gömrük güzəştlərini nəzərdə tutan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı qüvvəyə minib. Belə ki, külçə, sikkə və qranul şəklində qızılın və gümüşün ölkədaxili satışı, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilib. Həmçinin idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatların, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazlar Aksiz vergisindən azad edilib. Azərbaycana idxalı zamanı almazlar, yaqutlar, sapfirlər, zümrüdlər, toz, emal olunmamış, işlənməmiş/yarımişlənmiş şəkildə qızıl, gümüş və platin və onlardan hazırlanmış zərgərlik məmulatları 15% gömrük rüsumlarından azad edilib”.

Cari ildə müvafiq fərmana əsasən tətbiq olunan vergi güzəştlərinin daha 3 il uzadıldığını xatırladan sədr müavini vurğulayıb ki, tətbiq olunan vergi və gömrük güzəştləri zərgərlik məmulatlarının qiymətinin aşağı düşməsinə səbəb olub:

“2023-cü ildə Azərbaycanın zərgərlik məmulatları bazarında dövriyyə 232 milyon manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu son 4 ilin rekord göstəricisidir. Ölkədaxili dövriyyə 2022-ci il üzrə 153 milyon manat, 2021-ci il üzrə – 108 milyon manat, 2020-ci il üzrə – 32 milyon manat olub. Aparılmış araşdırmalara və təhlillərə əsasən zərgərlik bazarının rəsmi dövriyyəsi, idxal və ixrac həcmlərinin getdikcə yüksəlməsi ehtimal edilir. Azərbaycanın zərgərlik bazarında həm xaricə brendlər, həm yerli istehsalçıları təmsil edən milli  brendlər fəaliyyət göstərir. Azərbaycanda əksər brendlər təmsil olunub. Bunlar əsasən ABŞ, İtaliya, İspaniya, Rusiya brendləridir. Azərbaycanda müxtəlif kateqoriyadan olan dünya markaları mövcuddur. “Van Cleef&Arpels”, “Damiani”, “Magerit”, “Jacob & Co”, “Tiffany”, “Bulgari”, “Roberto Coin”, “Chopard”, “Cartier”, “Graff, “Sokolov”” və bir sıra diğər brendlər ölkəmizdə təmsil olunur. Azərbaycan zərgərliyi şanlı tarixə və zəngin irsə malikdir. Qədim ənənələrin şərhini əsas götürən eyni zamanda yaradıcılıqlarını innovasiyalar ilə sintez edən yerli brendlərimiz də mövcuddur. Belə brendlərə “Rəsm”, “Şəbəkə”, “Butalı”, “Minalı” kimi milli brendlərimizi göstərmək olar”.

R.Əmircanov həmçinin qeyd edib ki, Azərbaycanın ixrac bazarları da getdikcə genişlənir: “Bizim məmulatların Türkiyə, BƏƏ, Orta Asiya Respublikaları, Rusiya kimi ölkələrdə kifayət qədər böyük rəqabətə malik gücü var. Həmin ölkələrdə Azərbaycana məxsus brendlərin satış nöqtələri var. Azərbaycan istehsalçıları “AzerGold” QSC-dən qızıl alaraq zərgərlik məmulatları hazırlayıb ixrac edirlər. Bir sıra istehsalçı şirkətlər dövlət şirkəti tərəfindən xammalla təhciz olunurlar. 2023-cü ildə hazır ancaq zərgərlik məmulatlarının ixrac həcmi 12 milyon manat olmuşdur. Bu göstərici xam qızlın və gümüşün ixracını özündə əks etdirmir. Azərbaycan zərgərlik məmulatlarının ixrac həcmi getdikcə artmaqdadır. Yerli istehsal olan zərgərlik məmulatlarının Azərbaycanın ixrac səbətində rol oynaması vacib amillərdəndir”.
 

0