Misirin qərb səhrasında əsrlər boyu qumlar altında qalmış Bizans dövrünə aid qədim şəhər aşkar edilib. Yaxşı qorunub saxlanılan yaşayış məntəqəsinin gələcəkdə turizm üçün də açıq olacağı gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin açıqlamasına görə, Qərb səhrasındakı Yeni Vadi əyalətində yerləşən Daxla vahəsində aşkarlanan şəhər eramızın IV əsrində, Misirin Bizans imperiyasının tərkibində olduğu dövrdə gündəlik həyat, şəhərsalma və iqtisadi fəaliyyət barədə mühüm məlumatlar təqdim edir. Arxeoloqlar küçələr, meydanlar və ictimai məkanlardan ibarət məhəllələri üzə çıxarıblar.
Şəhərin giriş hissəsində əsas küçələrə baxan, IV əsrin ortalarında inşa edilmiş bazilikanın qalıqları aşkar edilib. Onun yaxınlığında ətraf əraziləri qoruyan iki gözətçi qülləsinin qalıqları da tapılıb. Bundan başqa, qalın müdafiə divarlarına malik möhkəmləndirilmiş tikililər, qəbul zalları və tağ formalı damları olan çoxsaylı yaşayış evləri müəyyən edilib.
Tapıntılar arasında IV əsrin ikinci yarısına aid olduğu müəyyənləşdirilən və kilsə diakonuna məxsus olduğu güman edilən "Tisu evi" də var. Arxeoloqlar hesab edirlər ki, şəhər bazilikası tikilənədək bu bina ev kilsəsi kimi istifadə olunub.
Qazıntılar zamanı çörək bişirmək üçün sobalar, mətbəx qabları və ərzaq üyütmək üçün daş alətlər də aşkar edilib. Bundan əlavə, üzərində Bizans imperatorlarının təsvirləri, latın dilində yazılar və xristian simvolları olan yaxşı qorunmuş bürünc sikkələr, həmçinin eramızın 337–361-ci illərində hakimiyyətdə olmuş Roma imperatoru II Konstansinin dövrünə aid qızıl sikkələr tapılıb.
Arxeoloqlar, həmçinin yazı lövhəsi kimi istifadə edildiyi ehtimal olunan təxminən 200 keramika parçası aşkar ediblər. Ostrakon adlanan bu fraqmentlərin üzərində ticarət razılaşmaları, yazışmalar və gündəlik həyata dair qeydlər yer alır.
Bundan başqa, Misirin Aralıq dənizi sahilində, İsgəndəriyyədən təxminən 100 kilometr qərbdə yerləşən Marina əl-Əlameyn arxeoloji ərazisində daha 18 qədim məzar aşkarlanıb. Onlardan 11-i qayada oyulmuş, yeddisi isə əhəngdaşından inşa edilmiş yerüstü məzarlardır. Beləliklə, bu ərazidə aşkar edilən məzarların ümumi sayı 48-ə çatıb.
Qazıntılar zamanı gil qablar, amforalar, çıraqlar, boşqablar, qurbangahlar, əhəngdaşı kasalar və uzunluğu 2,5 metr olan qranit sarkofaq da tapılıb. Hazırda həmin sarkofaq üzərində elmi tədqiqatlar davam etdirilir.
Samir


