Proqram təminatı sahəsində müstəqil fəaliyyət göstərən Çarlz Cons iyun ayının əvvəlində "Google Cloud" hesabına daxil olduqda gözlənilməz bir mənzərə ilə qarşılaşıb. Hesabda 11.089,77 dollarlıq fatura yığılmışdı. Bu məbləğ "Gemini" süni intellekt modellərinin intensiv istifadəsi nəticəsində formalaşmışdı.
HİT.az xəbər verir ki, diqqətçəkən məqam isə Consun heç bir süni intellekt iş axını istifadə etməməsi olub. Əslində "Google" da artan aktivlikdən sonra hesabı şübhəli fəaliyyət səbəbilə müvəqqəti bloklayıb. Cons dəstək komandası ilə apardığı yazışmalarda sızdırılmış “firebase-adminsdk” xidmət hesabı açarının bu vəziyyətə səbəb olduğunu sübutlarla təqdim edib.
Hesab bərpa edilsə də, fatura problemi həll olunmayıb. "Google Cloud"un faturalandırma bölməsi geri qaytarılma tələblərini bir neçə dəfə rədd edib. Bu kimi hallar bulud platformalarında nadir deyil; daha əvvəl 82 min dollara qədər yüksələn oxşar fatura problemləri də qeydə alınıb. Şirkətin fırıldaqçılıq şübhəsi olan hallarda belə məsuliyyəti istifadəçilərin üzərinə qoyması müstəqil proqramçılar arasında narazılıq yaradır.
Bulud sistemlərində xərcləri avtomatik dayandıran sərt büdcə limitləri hələ geniş şəkildə tətbiq olunmur. "Google" tərəfindən təqdim edilən mövcud xəbərdarlıqlar limit aşılarkən sistemi dayandırmır, yalnız bildiriş xarakteri daşıyır. Bəzi müvəqqəti həllər faturalandırmanı dayandıra bilsə də, bu da layihələrin tamamilə dayanması riskini yaradır.
Mart ayında "Gemini API" üçün tətbiq edilən eksperimental xərc limiti funksiyası isə 10 dəqiqəlik gecikmə ilə işləyir. Bu müddət ərzində yaranan əlavə xərclər yenə istifadəçinin üzərinə düşür.
İstifadəçilər həmçinin sistemin avtomatik olaraq daha yüksək istifadə pilləsinə keçməsi riskinə qarşı müdafiəsiz qalır. Çarlz Cons bildirir ki, "Google" təhlükəsizlik komandası API açarının komprometə olduğunu təsdiqləsə də, bunun necə baş verdiyi ilə bağlı detallı məlumat təqdim etməyib. Şirkətin “Ortaq məsuliyyət modeli”nə istinad edərək məsuliyyəti istifadəçiyə yönəltməsi isə təhlükəsizlik və ədalət məsələlərini yenidən gündəmə gətirir.
Samir


