Alimlər Alp dağlarında tapılan 5300 illik Ötzi mumiyasının daxilində soyuqsevər mayalar aşkar edərək onları laboratoriyada yetişdirib və həmin mayalar əsasında çörək bişiriblər. Nəticələrə görə, məşhur mumiyanın daxilində hələ də təəccüblü dərəcədə aktiv mikrob ekosistemi mövcuddur.
HİT.az xəbər verir ki, bu barədə “Indiandefencereview.com” yazır.
“Microbiome” jurnalında dərc edilən yeni araşdırmaya əsasən, mumiyada soyuqsevər mayalar müəyyən edilib, laboratoriyada çoxaldılıb və çörək bişirilməsində istifadə olunub. Bu kəşf mikroorqanizmlərin arxeoloji insan qalıqlarında necə uzun müddət yaşaya biləcəyinə dair yeni baxış təqdim edir.
Qeyd olunur ki, son dərəcə yaxşı qorunmuş Ötzi mumiya 1991-ci ildə İtaliya Alplarında turistlər tərəfindən aşkar edilib. Bu tapıntı tarixdən əvvəlki insanların həyatı barədə elmi təsəvvürləri köklü şəkildə dəyişib. Bədənin demək olar ki, eyni temperaturda — onu konservləşdirən buzlağın şəraitində qorunması sayəsində alimlər onun qidalanması, sağlamlığı, genetikası, geyimi və hətta ölüm səbəbi barədə məlumat əldə edə biliblər.
“Yeni araşdırma bu hekayəyə daha bir səhifə əlavə edir və göstərir ki, Ötzi bədəni gözlənilməz dərəcədə aktiv mikrob ekosistemi üçün yaşayış mühiti olaraq qalır”, – məqalədə qeyd olunur.
Araşdırma zamanı alimlər mumiyanın bağırsaq toxumasından, dərisindən və onu əhatə edən ərimiş sudan götürülmüş nümunələrdə 4 növ soyuqsevər maya aşkar ediblər. Bu mikroorqanizmlər adətən Antarktida kimi daim soyuq bölgələrdə yaşayır, buna görə də onların burada tapılması gözlənilməz olub.
“Biz mayaları tapacağımızı qətiyyən gözləmirdik”, – deyə tədqiqatın aparıcı müəllifi, İtaliyanın Bolzano şəhərində yerləşən “Eurac Research” institutundan Məhəmməd Sarhan bildirib.
Genetik analiz göstərib ki, bu mayalar Ötzi öldükdən qısa müddət sonra bədənə daxil olub və müasir tədqiqatlar və ya saxlanma prosesi zamanı çirklənməyib. Bu isə mikroorqanizmlərin mumiyayla uzunmüddətli birgə mövcudluğuna işarə edir.
“Bu mayalar Ötzini minilliklər boyunca səyahətində müşayiət edib”, – tədqiqatın həmmüəllifi Frank Mayksner qeyd edib.
Nəticələr göstərir ki, Ötzi artıq təkcə arxeoloji obyekt deyil, həm də zamanla dəyişən mikrob ekosistemidir.
Kəşf tədqiqatçıları qeyri-adi bir təcrübəyə də ilhamlandırıb. Mayaların laboratoriyada yetişdirilməsindən sonra onların praktik istifadəsi sualı ortaya çıxıb.
"Kiməsə mayaların olduğunu deyən kimi ilk sual həmişə bu olur: "Bunlardan çörək bişirmək olar?", – Sarhan bildirib.
Xəmirturşunun hazırlanması gözləniləndən daha çətin olub. Soyuq mühitə uyğunlaşmış mikroorqanizmlər üçün stabil fermentasiya şəraitinin yaradılması bir neçə ay davam edib.
Üç aylıq təcrübələrdən sonra komanda xəmirturşu əldə etməyə nail olub. Çörək bişirilməsi isə daha çox elmi nəticənin nümayiş hissəsi olub. Əsas məqsəd isə bu qədim mayaların uyğun şəraitdə hələ də metabolik aktivliyini qoruduğunu sübut etmək idi.
Alimlərin fikrincə, bu mikroorqanizmlər yalnız qida sənayesində deyil, digər sahələrdə də faydalı ola bilər. Mumiyanın qorunması zamanı fenolla işlənməsi nəticəsində bəzi göbələklərin qarşısı alınmışdı. Lakin məlum olub ki, tapılan mayalar bu maddəni parçalaya bilir və bu, gələcəkdə fenol çirklənməsinin təmizlənməsi üçün biotexnoloji imkanlar yarada bilər.
Araşdırma yalnız mayalarla məhdudlaşmayıb. Alimlər mumiyada qorunmuş bütün mikrob icmasını analiz ediblər və müasir sənayeləşmiş ölkələrdə yaşayan insanlarda demək olar ki, yox olmuş bağırsaq bakteriyalarını aşkar ediblər.
Bu cür bakterial icmalar əvvəllər yalnız Afrikanın və Cənubi Amerikanın təcrid olunmuş yerli xalqlarında, eləcə də Avstriyanın Hallstatt duz mədənlərində tapılan qədim insan qalıqlarında müşahidə olunmuşdu.
Müəlliflərin fikrincə, bu, qədim insanların liflə və tam taxıllarla zəngin qidalanmasının müasir insan mikrobiomunda demək olar ki, itmiş mikroorqanizmlərin yaşamasına şərait yaratdığını göstərir.
Alimlər belə qənaətə gəliblər ki, Ötzi sadəcə “donmuş” bir artefakt deyil, dinamik mikrob ekosistemidir. Yəni bu mumiyada minilliklər ərzində qədim mikroorqanizmlər, mühit mikrobları və qorunma şəraiti qarşılıqlı təsir göstərib.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələr ekstremal şəraitdə mikrob icmalarının necə sağ qalmasını və qədim bioloji materialların ölümündən sonra belə necə dəyişməyə davam etdiyini anlamaq üçün yeni imkanlar açır.
Bəzi mütəxəssislər isə mayaların 5 min ildən artıq müddətdə fasiləsiz şəkildə mumiyada yaşadığı fikri ilə razılaşmır. Latviyanın Orqanik Sintez İnstitutundan tədqiqatçı Nikolay Oskolkov bildirir ki, nümunələr yalnız 2010 və 2019-cu illərdə götürülüb.
Onun fikrincə, mövcud sübutlar mayaların minilliklər boyu fasiləsiz yaşadığını deməyə kifayət etmir və ehtimal ki, onlar mumiyaya daha sonrakı dövrdə daxil olan kolonizatorlardır.
Bununla belə, alimlər qeyd edirlər ki, nəticələr Ötzi mikrobiomunun əvvəl düşünüldüyündən daha dinamik olduğunu göstərdiyi üçün elmi baxımdan çox dəyərlidir.
Samir

