Avtobuslarda cibgirlik edən şəxsə hökm oxundu

ÖLKƏ
18:18 / 06.07.2026
46

Sumqayıt şəhərində avtobuslarda iki sərnişinin mobil telefonunu oğurlayan və üzərində psixotrop maddə metamfetamin saxlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Hit.az-ın xəbərinə görə, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs əvvəlcə Sumqayıt şəhərində 7A nömrəli marşrut avtobusunda sərnişinin gödəkçəsinin cibindən 190 manat dəyərində "Xiaomi Redmi A5" markalı mobil telefonu gizli yolla talayıb. Daha sonra həmin gün digər marşrut avtobusunda daha bir sərnişinin cibindən 200 manat dəyərində "Xiaomi Redmi 12C" markalı mobil telefonu oğurlayıb. Nəticədə zərərçəkmişlərə ümumilikdə 390 manat məbləğində maddi ziyan dəyib.

İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan 0,746 qram çəkidə metamfetamin əldə edərək üzərində saxlayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı o saxlanılıb və üzərinə baxış keçirilərkən psixotrop maddə aşkar olunaraq götürülüb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində cinayətləri maddi imkansızlıq səbəbindən törətdiyini, hadisədən təxminən 37 gün əvvəl cəzaçəkmə müəssisəsindən azad olunduğunu bildirib. Onun sözlərinə görə, oğurladığı telefonlardan birini Bakı şəhərində 40 manata, digərini isə Xırdalan şəhərində 30 manata satıb.

Təqsirləndirilən şəxs həmçinin narkotik istifadəçisi olduğunu, metamfetamini 20 manata aldığını və saxlanıldığı zaman üzərində aşkarlanmış maddənin şəxsi istifadəsi üçün olduğunu deyib. O, törətdiyi əməllərdən peşman olduğunu, II qrup əlil olduğunu və himayəsində bir azyaşlı övladının olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinib. Ona oğurluq epizodlarına görə 3 il, psixotrop maddənin qanunsuz əldə edilməsi və saxlanılmasına görə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılaraq təqsirləndirilən şəxsə qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Abbas
 

0