2035-ci ilə qədər 6-cı nəsil qırıcı təyyarə hazırlanacaq: Üç ölkə maliyyəni təmin edib

DÜNYA
16:16 / 06.07.2026
60

Böyük Britaniya, Yaponiya və İtaliya yeni nəsil döyüş təyyarəsinin hazırlanması üçün 6,14 milyard dollar dəyərində müqavilə imzalayıb. Layihə "Global Combat Air Programme" (GCAP) çərçivəsində həyata keçirilir və "Edgewing" sənaye birgə müəssisəsi tərəfindən icra olunacaq. 

HİT.az xəbər verir ki, bu barədə "Nikkei Asia" məlumat yayıb.

Müqavilənin imzalanması Böyük Britaniyada müdafiə büdcəsinin azalması səbəbindən təxminən 9 ay gecikmişdi. Lakin indi ölkə layihədə öz maliyyə payını təsdiqləyib. Böyük Britaniyanın müdafiə naziri Luka Pollardın sözlərinə görə, proqram çərçivəsində müasir texnologiyalara malik gizli (stealth) qırıcı hazırlanacaq.

Planlaşdırılan təyyarə 6-cı nəsil qırıcı olacaq və 2035-ci ilə qədər istifadəyə verilməsi nəzərdə tutulur. O, "Typhoon" qırıcısından 3–4 metr daha uzun olacaq və uzunməsafəli uçuşlar üçün optimallaşdırılacaq.

Layihədə Böyük Britaniyanın "BAE Systems", İtaliyanın "Leonardo" və Yaponiyanın "Mitsubishi Heavy Industries" şirkətləri iştirak edir. Qeyd edilir ki, Fransa və Almaniyanın oxşar layihəsi əvvəlcə uğursuz olub və bu səbəbdən bəzi ölkələrin GCAP-a qoşulması ehtimalı müzakirə edilib.

Hazırda GCAP-a yeni üzvlərin qoşulması üçün üç təsisçi ölkənin razılığı tələb olunur. İtaliya müdafiə naziri bildirilib ki, proqramın genişləndirilməsi xərclərin bölüşdürülməsi baxımından vacibdir. Almaniya, Kanada və Səudiyyə Ərəbistanının potensial iştirakçılar arasında olduğu qeyd edilir.

Layihəni həyata keçirən "Edgewing" birgə müəssisəsi "BAE Systems", "Leonardo" və "Japan Aircraft Industrial Enhancement" şirkətlərinin ortaq mülkiyyətindədir. Onun baş ofisi Böyük Britaniyada yerləşir, icraçı direktoru isə İtaliyadandır.

Samir

0