"Bloomberg": Avropa Trampın NATO-ya qarşı növbəti addımlarından qorxur

DÜNYA
18:00 / 06.07.2026
47

Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı növbəti addımlarından narahatdır. Paytaxtlarda əsas qorxu Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu onların öz ordularını gücləndirə biləcəyindən daha sürətlə azaltması ehtimalıdır.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Nəşrin məlumatına görə, ABŞ-ın NATO-dan birtərəfli qaydada çıxması ehtimalı aşağı qiymətləndirilsə də, Donald Tramp alyansı açıq tənqidlərlə və hərbi dəstəyi zəiflətməklə onun fəaliyyətinə mənfi təsir göstərə bilər.

Bildirilir ki, ABŞ Prezidenti NATO-nun mənzil-qərargahından ABŞ səfirini və digər əməkdaşları geri çağıra, ABŞ-ın hərbi təlimlərdə və kəşfiyyat məlumatlarının mübadiləsi proqramlarında iştirakını dayandıra bilər. Bundan başqa, Trampın Ukraynaya hərbi texnika tədarükünü təxirə salması, NATO-ya maliyyə ödənişlərini azaltması və ya yalnız müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirən müttəfiqləri müdafiə etmək qərarı verməsi ehtimalı da qeyd olunur.

"Bloomberg"in yazdığına görə, daha radikal addım NATO-nun 5-ci maddəsi çərçivəsində qoşun göndərməkdən imtina edilməsi və ya Avropanın ABŞ-ın nüvə çətiri altında təmin olunan təhlükəsizlik zəmanətindən məhrum edilməsi ola bilər.

Agentlik qeyd edir ki, 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində Avropa ölkələri əsas diqqəti alyans daxilində birliyin nümayişinə və açıq fikir ayrılıqlarından yayınmağa yönəldəcək.

İyun ayında NATO-nun baş katibi Mark Rütte bildirib ki, Donald Trampın Avropadan narazı olmaq üçün əsasları var.

"Economist" jurnalında iyul ayında dərc olunan birgə məqalədə Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qeyd ediblər ki, Avropa ölkələrinin öz təhlükəsizlik məsələlərini ABŞ-a həvalə edə bildiyi dövr başa çatmaq üzrədir.

Donald Tramp isə iyulun 2-də "Truth Social" sosial şəbəkəsində paylaşım edərək ABŞ-ın NATO-ya digər ölkələrdən daha çox vəsait xərclədiyini, lakin bunun müqabilində heç bir fayda əldə etmədiyini bildirib. O, bundan əvvəl də ABŞ-ın NATO üçün çəkdiyi xərcləri "tamamilə ağılsızlıq" adlandırmışdı.

Samir
 

0