Son illərdə avtomobil yollarındakı ən böyük dəyişiklik avtobuslar üçün ayrıca zolaqların ayrılması oldu.
Artıq avtobuslar digər avtomobillərin yoluna çıxmadan, onların hərəkətinə əngəl olmadan öz yolları ilə gedirlər. Bu isə həm tıxacı nisbətən azaldır, həm də yollardakı xaotik vəziyyəti minimuma endirir.
Bəs gələcəkdə taksilər üçün də bənzər addım atıla bilərmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O əvvala bildirib ki, tıxacların aradan qaldırılması üçün müəyyən ərazilərin təhkim edilməsi lazımdır:
"Düzdür, istər zolaqlara ayırma, istər sə bəzi yollarda yenidənqurulma və təkmilləşdirici işlərin görülməsi təqdirəlayiqdir. Lakin taksi kimi hansısa nəqliyyat vasitəsi üçün yeni zolaqların ayrılması, özü-özlüyündə yeni qaydaları ehtiva edir. Məsələn, taksilər şəhərin bəzi ərazilərində əsas yükdaşıma qabiliyyətinə malikdirlər. Ancaq bəzi ərazilər var ki, orada sərnişindaşıma avtobus, metro və ya dəmiryolu xətti ilə həyata keçirilir".
Ekspert qeyd edib ki, Bakı şəhərində sərnişinlərin taksi ilə daşınması geniş yayılmayıb:
"Əsas geniş sərnişindaşıma marşrut xətləri ilə həyata keçirilir. Ona görə də avtobuslar üçün ayrıca zolaqlar ayrılıb. Gələcəkdə taksilərin əhatə dairəsi genişlənərsə, taksilər üçün də əlavə zolaqların çəkilməsinə ehtiyac yarana bilər".
Pərviz