Avstraliyanın Kvinslend ştatında qızıl hasilatından sonra istifadəsiz qalan nəhəng karxanalar enerji saxlama sisteminə çevrilib. Layihə çərçivəsində keçmiş mədən sahəsində 2000 MVt·st-a qədər elektrik enerjisi saxlamaq mümkün olacaq.
HİT.az xəbər verir ki, Çarterz-Tauers şəhəri yaxınlığında yerləşən obyekt Kidston Clean Energy Hub enerji kompleksinin bir hissəsidir. Burada artıq günəş elektrik stansiyası da fəaliyyət göstərir.
Sistemin əsasını bir-birindən təxminən 183 metr hündürlük fərqi olan iki keçmiş qızıl karxanası təşkil edir. Yuxarıda yerləşən karxana su anbarı kimi istifadə olunur. Elektrik enerjisinə tələbat artdıqda su aşağıdakı rezervuara buraxılır və axın turbinləri hərəkətə gətirərək elektrik enerjisi istehsal edir.
Tələbatın azaldığı və ya günəş və külək stansiyalarının artıq enerji istehsal etdiyi vaxtlarda isə proses əksinə işləyir. Su aşağı rezervuardan yuxarıya vurularaq burada yenidən enerji ehtiyatı yaradılır.
Layihənin üstünlüklərindən biri yeni böyük su anbarlarının tikilməsinə ehtiyac qalmamasıdır. Mövcud karxanalardan istifadə tikinti xərclərini və müddətini azaltmağa imkan verib. Ərazidə əvvəlki mədən fəaliyyətindən qalan yollar, yaşayış binaları və su infrastrukturu da mövcuddur.
Məlumata görə, Kidston sistemi tam gücü ilə işlədikdə 250 MVt elektrik enerjisi istehsal edə və bunu 8 saata qədər davam etdirə bilər. Ümumi enerji saxlama tutumu isə 2000 MVt·st təşkil edir.
Mütəxəssislər belə sistemlərin bərpa olunan enerjinin payı artdıqca daha əhəmiyyətli olacağını bildirirlər. Çünki günəş və külək enerjisi həmişə elektrikə ən çox ehtiyac duyulan saatlarda istehsal olunmur.
Kidston layihəsi həmçinin Avstraliyada 40 ildən artıq müddətdə inşa edilən ilk yeni hidroakkumulyasiya layihəsi və özəl sektor tərəfindən reallaşdırılan ilk belə obyekt kimi təqdim olunur. Kompleks 50 MVt gücündə günəş elektrik stansiyası ilə də əlaqələndirilib.
Samir


