Kriptovalyutadan alqı-satqı zamanı istifadə olunacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
14:22 / 06.03.2025
108

Son zamanlarda kriptovalyutalarla bağlı çox ciddi addımlar atılır. 

Bu addımların daha da artacağı və kriptovalyutalarla bağlı ciddi qərarların qəbul olunacağı gözlənilir. Artıq bir çox ölkədə kriptovalyuta ilə alış-veriş etmək mümkündür. 

Bəs gələcəkdə bütün dünyada alqı-satqı zamanı kriptovalyutalardan istifadə oluna bilər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O bildirib ki, ABŞ-də Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra kriptovalyuta ilə bağlı bir sıra müsbət bəyanatlar verilir:

368947
"O, seçki ərəfəsində ölkəsinin strateji ehtiyatlarının bir hissəsinin kriptovalyutada saxlanılacağını vəd etmişdi. Hətta son günlərdə bununla bağlı bəzi kriptovalyuta adlarını da çəkdi". 

Ekspert hesab edir ki, gələcəkdə kriptovalyutalardan ödəniş vasitəsi kimi də istifadə oluna bilər:
"Belə bir ehtimal mövcuddur. Düzdür, kriptovalyuta tənzimlənməyən resursdur. Lakin bir tərəfdən də mərkəzi banklar elektron pul platformaları üzərində işlədiyini nəzərə almaq lazımdır. Yəni gələcəkdə kriptovalyutadan alqı-satqı zamanı istifadə etmək ehtimalı kifayət qədər realdır". 

Onun sözlərinə görə, bu, daha çox dünya mərkəzi banklarının siyasətindən asılı olacaq:
"Hazırda bir çox ölkədə kriptovalyutadan ödəniş vasitəsi kimi istifadə olunur. Lakin bütün dünya mərkəzi bankları kriptovalyutadan ödəniş vasitəsi kimi istifadə etməyə icazə versə, o zaman yeni bir mərhələ başlayar. Bu halda, hər yerdə kriptovalyutalardan alqı-satqı zamanı istifadə oluna bilər. 

Bunun konkret olaraq nə zaman ola biləcəyini söyləmək çətindir. Amma bu istiqamətdə işlər gedir. Daha dəqiq desək, hazırda ənənəvi puldan həm rəqəmsal pul, həm elektron pul, həm də kriptovalyutaya keçid istiqamətində ciddi inkişaf var".

Pərviz

0