Sürücülük kurslarına marağın artması ilə yanaşı, bu sahədə fəaliyyət göstərən fərdi təlimçilərin sayı da çoxalır.
Xüsusilə sosial media platformalarında qısa müddətdə avtomobil idarə etməyi öyrətmək vəd edən çoxsaylı elanlar diqqət çəkir. Bununla belə, bu xidmətləri təqdim edən şəxslərin peşə hazırlığı, təcrübəsi və qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğunluğu hər zaman aydın olmur. Nəticədə, sürücülük təliminin keyfiyyəti ilə bağlı narahatlıqlar yaranır və gələcək sürücülərin kifayət qədər hazırlıqlı olub-olmaması sual doğurur.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Hit.az-a açıqlamasında deyib ki, bəzi sürücülük hazırlığı mərkəzlərində tədris prosesi yalnız formal tələblərin yerinə yetirilməsi ilə məhdudlaşır və namizədlərin bilik və bacarıqlarının tam formalaşdırılmasına kifayət qədər diqqət ayrılmır:

“Belə yanaşma nəticəsində sürücülük vəsiqəsi əldə etsələr də, yol hərəkəti qaydalarını praktikada düzgün tətbiq edə bilməyən, sükan arxasında riskləri vaxtında qiymətləndirməyən və təhlükəsiz idarəetmə vərdişləri zəif olan sürücülər yollara çıxırlar. Bu isə ümumi yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillərdən biri hesab olunur və qəza riskini artırır”.
Ekspert bildirib ki, sürücülük təlimçisi olmaq istəyən şəxslər üçün yalnız sürücülük vəsiqəsinə sahib olmaq kifayət etməməlidir:
“Onların peşəkar fəaliyyəti, uzun illər ərzində topladıqları müsbət sürücülük təcrübəsi, intizamlı davranışı və yol hərəkəti qaydalarına nümunəvi əməl etməsi ciddi şəkildə qiymətləndirilməlidir. Təlimçi özü təhlükəsiz sürücülük mədəniyyətini nümayiş etdirə bilmirsə, bu vərdişləri başqalarına aşılamaq da çətin olacaq”.
Günel Cəlilova

