Bəzi insanlar müxtəlif növ asılılıqların formalaşmasına digərlərindən daha çox meyilli olurlar. Xüsusilə yüksək narahatlıq səviyyəsinə malik şəxslər asılılıq davranışının inkişafı baxımından ən həssas qruplardan biridir.
HİT.az xəbər verir ki, bu barədə psixiatr Viktor Alekseyev "Gazeta.Ru"ya bildirib.
Onun sözlərinə görə, asılılıqlara meyillilik üç əsas amildən asılıdır: genetik xüsusiyyətlər, ana bətnində inkişaf dövrü və insanın yaşadığı sosial mühit.
"Hətta genetik fərqlər belə iradi qərarların qəbuluna və risklərin qiymətləndirilməsinə cavabdeh olan beynin prefrontal qabığının fəaliyyətinə təsir göstərə bilər. Bu nahiyənin zəif fəaliyyəti impulsiv istəkləri cilovlamaq qabiliyyətini azaldır. Digər tərəfdən, hamiləlik dövründə güclü stress keçirən anaların uşaqlarında yüksək narahatlığa meyillilik müşahidə oluna bilər", – deyə həkim izah edib.
Aleksyevin sözlərinə görə, narahatlıq hissi yaşayan insanlar daxili gərginliyi tez aradan qaldırmaq üçün şüuraltı şəkildə müxtəlif vasitələr axtarırlar. Alkoqol, nikotin kimi maddələr və ya sosial şəbəkələrdə fasiləsiz vaxt keçirmək, kompulsiv davranışlar kimi vərdişlər onlara müvəqqəti rahatlıq hissi verir, narahatlığı azaldır və vəziyyətə nəzarət etdikləri təəssüratı yaradır.
"Narahat insanlar bu baxımdan ən həssas qruplardan biridir. Onların müxtəlif asılılıqlara düşməsinin əsas səbəbi beyni tez bir zamanda sakitləşdirmək və daxili gərginliyi azaltmaq istəyidir. Əslində, insan həzz yox, 'başındakı sükutu' axtarır. Zaman keçdikcə beyin sakitləşmək üçün xarici vasitələrdən asılı vəziyyətə düşür və narahatlığın öhdəsindən öz gücü ilə gəlmək bacarığı zəifləyir. Bu vasitələrdən imtina edildikdə isə narahatlıq daha da artır və insan yenidən həmin davranışlara və ya maddələrə üz tutur", – deyə psixiatr bildirib.
Samir


