Mətbəxdə gizli təhlükə: Qab yuyan süngər sizi xəstəxanalıq edə bilər

MARAQLI
21:14 / 31.07.2026
45

Almaniyada aparılan araşdırma göstərib ki, mətbəxdə qab yumaq üçün istifadə olunan süngərlər zərərli bakteriyalar üçün əlverişli çoxalma mühiti yaradır. Mütəxəssislər xüsusilə yaşlıları, uşaqları və immun sistemi zəif olan şəxsləri ehtiyatlı olmağa çağırırlar.

HİT.az xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunun (BfR) məlumatına görə, qab yuyan süngərlərdə hətta tam quruduqdan sonra belə patogen mikroorqanizmlər canlılığını qoruyub saxlaya bilir.

Araşdırma zamanı insanlarda həzm sistemi xəstəliklərinə səbəb olan *Escherichia coli* (E. coli), *Salmonella Enteritidis* və *Staphylococcus aureus* bakteriyaları öyrənilib. Təcrübələr göstərib ki, süngərə düşən az miqdarda bakteriya belə sürətlə çoxalır və ən azı 14 gün ərzində mövcudluğunu qoruyur.

BfR-in prezidenti Andreas Hensel bildirib ki, ev şəraitində qida mənşəli infeksiyalar ciddi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu cür infeksiyalar yaşlılar, uşaqlar və immun sistemi zəif olan insanlar üçün daha ağır nəticələrə səbəb ola bilər.

DNT ardıcıllığının təhlili və yüksək dəqiqlikli mikroskoplarla aparılan araşdırmalar maraqlı nəticə ortaya qoyub. Çoxlu bakteriya daşıyan süngərlərdə belə xoşagəlməz qoxu, rəng dəyişikliyi və ya yağlı görünüş müşahidə olunmur.

Bu səbəbdən zahirən tam təmiz görünən süngər doğrama lövhələrinə, bıçaqlara və digər mətbəx alətlərinə bakteriyaları asanlıqla ötürə bilər.

Mütəxəssislər məsaməli və daim nəm qalan quruluşuna görə qab yuyan süngərləri mikroblar üçün ideal mühit adlandırırlar. Bununla belə, onlar süngərlərdən tamamilə imtina etməyə ehtiyac olmadığını, sadəcə istifadə qaydalarını dəyişməyin vacib olduğunu bildirirlər.

Xüsusilə çiy ətlə təmasda olmuş süngərlərin dərhal atılması tövsiyə edilir. Süngərdən istifadəni davam etdirmək istəyənlər isə onu ən azı iki dəqiqə ərzində 70 dərəcədən yuxarı temperaturda olan suda saxlamalıdırlar. Bundan əlavə, çirkli qabların uzun müddət su ilə dolu çanaqda saxlanılmasının da patogenlərin yayılma riskini artırdığı vurğulanır.

Samir

0