Merz ABŞ-ın Rusiya aktivləri ilə bağlı təklifinə qarşı çıxdı: "Bu, bizim işimizdir"

DÜNYA
18:59 / 15.10.2026
50

Almaniya kansleri Fridrix Merz Avropada dondurulmuş Rusiya aktivlərinin ABŞ-nin nəzarətinə verilməsi təklifinə münasibət bildirib. O, bu vəsaitlərin Avropanın nəzarətində qalmalı olduğunu və onların gələcək taleyi ilə bağlı qərarları Avropa ölkələrinin özlərinin verməli olduğunu vurğulayıb.

HİT.az xəbər verir ki, Merz bu barədə oktyabrın 15-də Brüsseldə Avropa Şurasının iclası başlamazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ-nin dondurulmuş Rusiya aktivlərini Vaşinqtonun nəzarətində olan qurumun idarəçiliyinə vermək ideyasına münasibət bildirən kansler mövqeyini qəti şəkildə ifadə edib: “Bunlar Avropada dondurulmuş aktivlərdir və Avropada da dondurulmuş vəziyyətdə qalmalıdır. Bu, bizim işimizdir və bununla bağlı qərarları biz veririk”.

Xatırladaq ki, “Financial Times” nəşri daha əvvəl ABŞ-nin Avropa ölkələrinə Rusiyanın dondurulmuş suveren aktivlərinin bir hissəsinin sərbəstləşdirilməsini təklif etdiyini yazıb. Məlumata görə, təşəbbüs ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner tərəfindən təqdim olunub. Təklifin məqsədinin aktivlərin Vaşinqtonun nəzarətində olan struktur vasitəsilə idarə edilməsi və bununla da Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqların bərpasına kömək göstərilməsi olduğu bildirilir.

Samir
 

0