Soyuq havalarda saç düzümünü qorumaq çətinləşir. Papaq altında saçlar həcmini itirir, elektriklənir və qabarmaya başlayır. Lakin düzgün qulluq və uyğun saç düzümü vasitələri ilə bu problemin qarşısını almaq mümkündür.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya saç stilisti və “L’Etoile”nin gözəllik eksperti Yekaterina Kulakova danışıb.
Stilistin sözlərinə görə, əsas qayda papağı nəm saçlara taxmamaqdır. Çünki baş geyiminin təzyiqi yaş saçların formasını daha asan dəyişir və quruduqdan sonra saçlarda arzuolunmaz izlər qala bilər. Buna görə də evdən çıxmazdan əvvəl saçları tamamilə qurutmaq, fenlə quruduqdan sonra isə bir qədər soyumasını gözləmək lazımdır.
Papaq seçimi də saç düzümünün qorunmasında mühüm rol oynayır. Mütəxəssis başı həddindən artıq sıxmayan, yumşaq daxili səthə malik modellərə üstünlük verməyi məsləhət görür. Saçların dolaşmasının və elektriklənməsinin qarşısını almaq üçün ipək və ya atlas astarlı papaqlar da faydalı ola bilər.
Kulakova saçların həcmini saxlamaq üçün ağır mus və laklar əvəzinə köklərə həcm verən spreylərdən istifadə etməyi tövsiyə edir. Bu vasitələr saçları ağırlaşdırmadan onların formasını qorumağa kömək edir. Sprey saç köklərinə çəkilməli, quruması gözlənilməli və papaq taxılmazdan əvvəl saçlar barmaqlarla yüngülcə qaldırılmalıdır.
Ekspert saç vasitələrinin saç tipinə uyğun seçilməsinin vacibliyini də vurğulayıb. Nazik saçlar üçün yüngül teksturalı məhsullar, buruq saçlar üçün nəmləndirici vasitələr, qısa saç kəsimləri üçün isə elastik fiksasiyalı məhsullar daha uyğundur.
Uzun saç sahiblərinə isə saçlarını papağın altında açıq saxlamaq əvəzinə, boş aşağı at quyruğu və ya hörük şəklində yığmaq məsləhət görülür. Papaq çıxarıldıqdan sonra saçlar elektriklənərsə, antistatik spreydən istifadə etmək və telləri ovucla yüngülcə hamarlamaq olar.
Stilist əlavə edib ki, günün sonuna doğru saçların həcmi və təravəti itərsə, quru şampun da kömək edə bilər.
Samir


