Son dövrlər dünya iqtisadiyyatında baş verən proseslər göstərir ki, böyük mərkəzi bankların qəbul etdiyi qərarlar ölkələrin iqtisadi inkişafına birbaşa təsir göstərmək gücünə malikdir.
Xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin (FED) həyata keçirdiyi pul-kredit siyasəti qlobal maliyyə bazarlarında əsas istiqamətverici amillərdən biri hesab olunur. Bu baxımdan, FED-in qəbul edəcəyi mümkün qərarın Azərbaycanın makroiqtisaodi göstəricilərinə, qiymət sabitliyinə və maliyyə sektoruna necə təsir göstərə biləcəyi də maraq doğurur.
Maraqlıdır, FED-in mümkün qərarı ölkə iqtisadiyyatı üçün hansı nəticələrə səbəb ola və hansı yeni iqtisadi çağırışlar yarada bilər?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, beynəlxalq enerji bazarında qiymətlərin son dövrdə yüksəlməsində əsas rol oynayan amillərdən biri Yaxın Şərqdə davam edən geosiyasi risklərdir:

“Xüsusilə Hörmüz boğazında baş verən hadisələr neftin dünya bazarına çıxarılması ilə bağlı narahatlıqları artıraraq qiymətlərə təsir göstərir. Nəzərə almaq lazımdır ki, Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi qərarlar Azərbaycan iqtisadiyyatına birbaşa təsir etmir. Lakin qlobal maliyyə sistemində yaranan dəyişikliklər ölkəyə də müəyyən kanallar vasitəsilə ötürülür”.
Onun fikrincə, faiz dərəcələrinin yüksəldilməsi adətən ABŞ dollarını beynəlxalq valyuta bazarlarında daha cəlbedici edir:
“Nəticədə investorların dollara marağı artır və bu valyutanın mövqeyi güclənir. Manatın məzənnəsi ABŞ dollarına bağlı olduğundan dolların beynəlxalq bazarlarda bahalaşması milli valyutanın da digər valyutalar qarşısında möhkəmlənməsinə səbəb olur. Bu isə avro, rubl və lirə ilə müqayisədə manatın alıcılıq qabiliyyətinin artması deməkdir”.
Ekspert qeyd edib ki, bu proses həm müsbət, həm də mənfi iqtisadi nəticələr doğura bilər:
“Dollarla aparılan borclanmanın maya dəyəri yüksələ, eyni zamanda qlobal iqtisadi aktivliyin zəifləməsi fonunda neft qiymətləri eniş təzyiqi ilə üzləşə bilər. Buna görə də FED-in pul siyasəti Azərbaycana əsasən maliyyə və enerji bazarları üzərindən dolayı təsir göstərən xarici amillərdən biri kimi qiymətləndirilir”.
Günel Cəlilova


