Son illər bazarlarda açıq şəkildə satışa çıxarılan süd məhsullarının təhlükəsizliyi ilə bağlı müzakirələr daha da aktuallaşıb.
İstehlakçılar aldıqları pendirin, qaymağın və ya şorun hansı şəraitdə hazırlandığını, kim tərəfindən istehsal edildiyini və istifadəyə yararlılıq müddətini öyrənməkdə çətinlik çəkirlər. Mövcud vəziyyəti dəyişmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yeni nəzarət mexanizmini tətbiq etməyə başlayıb. Layihənin ilk mərhələsi paytaxtın “Yaşıl bazar”ında həyata keçirilir. Gələcəkdə isə bu təcrübənin ölkənin digər bazarlarına da yayılması nəzərdə tutulur.
Yeni qaydalara əsasən, satışa təqdim edilən süd məhsulları artıq xüsusi etiketlərlə müşayiət olunacaq. Həmin etiketlər vasitəsilə alıcı məhsulun kim tərəfindən istehsal edildiyini, haradan gətirildiyini, nə vaxt hazırlandığını və hansı tarixədək istifadə oluna biləcəyini öyrənə biləcək. Bu yanaşmanın əsas məqsədi qida məhsullarının izlənilməsini asanlaşdırmaq və bazarlarda daha etibarlı satış mühiti formalaşdırmaqdır.
Maraqlıdır, tətbiq edilən yenilik bazarda məhsulların maya dəyərinin və satış qiymətlərinin artmasına səbəb olacaq? Kiçik fermerlər və ailə təsərrüfatları bu sistemə uyğunlaşmaq üçün əlavə çətinliklərlə üzləşəcəklərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, bu yenilik ilk növbədə qida təhlükəsizliyinin artırılması baxımından müsbət qiymətləndirilir:

“Məhsulun mənşəyi, istehsal tarixi və istifadə müddətinin göstərilməsi alıcının daha məlumatlı seçim etməsinə imkan verəcək, keyfiyyətsiz və mənşəyi məlum olmayan məhsulların satışını isə məhdudlaşdıra bilər. Bununla yanaşı, yeni tələblər kiçik fermerlər və ailə təsərrüfatları üçün əlavə xərcin yaranma ehtimalı da var. Etiketləmə, qeydiyyat və nəzarət qaydalarına uyğunlaşmaq istehsal xərclərini artırarsa, bu, məhsulların satış qiymətlərinə də təsir göstərə bilər”.
Ekspert onu da əlavə edib ki, Azərbaycan süd və süd məhsullarına olan tələbatın bir hissəsini idxal hesabına ödəyir:
“Belə şəraitdə yerli istehsalçılar üçün əlavə xərclərin yaranması onların rəqabət qabiliyyətini zəiflədə və yerli məhsulların bahalaşmasına səbəb ola bilər. Buna görə də yeni sistem tətbiq olunarkən həm qida təhlükəsizliyinin təmin edilməsi, həm də kiçik istehsalçıların əlavə maliyyə yükü ilə üzləşməməsi arasında balansın qorunması vacib hesab olunur”.
Günel Cəlilova


