Azərbaycanın turizm planı: “Turist sayı 4 milyon nəfərə...”

İQTİSADİYYAT
12:15 / 24.08.2026
22

Azərbaycanın turizm sektorunun qarşıdakı dövrdə daha da gücləndirilməsi və ölkənin beynəlxalq turizm məkanında mövqeyinin möhkəmləndirilməsi 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəfləri sırasında yer alır.

Xarici turistlərin Azərbaycana marağının artırılması üçün yeni beynəlxalq istiqamətlərin müəyyənləşdirilməsi və həmin bazarlarla birbaşa hava bağlantılarının qurulması nəzərdə tutulan tədbirlərdən biridir. Bununla yanaşı, artıq fəaliyyət göstərən aviareyslərin sayının yüksəldilməsi və uçuş imkanlarının genişləndirilməsi yolu ilə ölkəyə səfərlərin daha rahat və əlçatan olması qarşıya məqsəd qoyulur.

Turistlərin səyahət xərclərinə təsir edən əsas amillərdən biri olan aviabilet qiymətlərinin aşağı salınmasına şərait yarada biləcək yeni mexanizmlərin hazırlanması da proqramın diqqət yetirdiyi məsələlərdəndir.

Bu addımların nəticəsində Azərbaycanın daha geniş coğrafiyadan turist qəbul edən ölkəyə çevrilməsi, yeni turizm istiqamətlərindən səfərlərin artması və ənənəvi bazarlardan gələn turistlərin sayının yüksəlməsi gözlənilir.

Turizm eksperti Ceyhun Aşurov Hit.az-a açıqlamasında bildirib ki, Dövlət Proqramında qarşıya qoyulan əsas hədəflərdən biri 2030-cu ilədək Azərbaycana səfər edən əcnəbi turistlərin sayının təxminən 4 milyon nəfərə yüksəldilməsidir:

407883

“Bu göstəricinin əldə olunması üçün bir sıra istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda turizm məqsədilə təşkil edilən çarter uçuşlarının dəstəklənməsi, regionlarda yerləşən hava limanlarının imkanlarından daha geniş yararlanılması və ölkəyə giriş prosedurlarının turistlər üçün asanlaşdırılması kimi məsələlərə xüsusi diqqət yetirilir.

Eyni zamanda, prioritet hesab olunan turizm bazarları üçün viza rejiminin daha da liberallaşdırılması, bəzi hallarda isə vizaya ehtiyacın aradan qaldırılması istiqamətində addımların atılması planlaşdırılır. Xarici turistlərin Azərbaycana gəlişini asanlaşdıracaq digər mühüm istiqamət isə müxtəlif ölkələrlə birbaşa hava əlaqələrinin genişləndirilməsi və mövcud uçuşların sayının artırılmasıdır”.

Ekspert bildirib ki, turizm potensialının yalnız paytaxtla məhdudlaşmaması üçün rekreasiya ərazilərinin turizm baxımından daha fəal şəkildə təqdim edilməsi və regionlarda bu sahənin inkişafına əlavə imkanların yaradılması da gündəmdədir:

“Bundan başqa, turizm sektorunda fəaliyyət göstərən sahibkarların təşviq edilməsi, yeni mehmanxanaların yaradılmasına əlverişli şəraitin formalaşdırılması və xarici turistlərin Azərbaycana gətirilməsində iştirak edən turizm şirkətlərinin əlavə stimullarla dəstəklənməsi nəzərdə tutulan tədbirlər sırasındadır. Bu mexanizmlərin ardıcıl şəkildə tətbiqi turizm sektorunda həm turist axını, həm də infrastruktur baxımından nəzərəçarpacaq dəyişikliklərin yaranmasına səbəb ola bilər.

Proqramda müəyyənləşdirilən hədəflər kifayət qədər iddialı görünsə də, onların real göstəricilər və mövcud turizm potensialı nəzərə alınmaqla müəyyənləşdirildiyini düşünürük. Bu baxımdan, 2030-cu ilədək qarşıya qoyulan turist sayına çatmaq mümkündür və bunun üçün sənəddə nəzərdə tutulan tədbirlərin sistemli şəkildə icrası əsas şərtlərdən biri olacaq”.

Günel Cəlilova

0