Son bir ay ərzində sümüklü mal ətinin qiyməti təxminən 1-2 manat artaraq hazırda 19 manata, sümüksüz mal əti isə 21-22 manata çatıb.
Satıcılar bahalaşmanı mövsüm dəyişikliyi ilə əlaqələndirsələr də, qiymət artımının arxasında başqa iqtisadi amillərin olub-olmaması da sual doğurur.
Bəs mal ətinin bahalaşması müvəqqəti xarakter daşıyır, yoxsa qarşıdakı dövrdə qiymət artımının davam etməsi gözlənilir?
İqtisadçı Natiq Cəfərli Musavat.com-a qeyd edib ki, mal ətinin qiymətindəki artım artıq müvəqqəti deyil, daimi xarakter daşıyır: “Çünki ölkədə mal-qaranın sayı kəskin azalır. Nəticədə yem bahalaşır, daşınma xərcləri artır, tənzimləyici orqanların, o cümlədən AQTA-nın müdaxilələri genişlənir. Cərimələr, sertifikatlaşdırma və digər tələblər də əlavə xərc yaradır. Bütün bu xərclər son nəticədə ətin qiymətinə əlavə olunur”.
Natiq Cəfərli bildirib ki, səbəb ölkədə son 5 ildə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının kəskin azalmasıdır: “Bu da birbaşa ət qiymətlərinin artmasına təsir göstərir. Əgər 5 il ərzində iribuynuzlu mal-qaranın sayı təxminən 230-250 min baş azalıbsa, bu azalmanın ət qiymətlərinə təsir etməsi qaçılmazdır".


