“Bravo” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sosial Tərəfdaş” layihəsinə tərəfdaş kimi qoşulub.
Layihə çərçivəsində həssas əhali qruplarına, o cümlədən pensiyaçılara, şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına, əlilliyi olan şəxslərə və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlara ölkə üzrə tərəfdaş marketlərdə, apteklərdə və klinikalarda xüsusi endirim imkanları təqdim olunur.
“Bravo” supermarketlər şəbəkəsinin layihəyə qoşulması ilə qeyd olunan kateqoriyalara aid vətəndaşlar “Bravo” mağazalarında alış-veriş zamanı “Sosial Tərəfdaş” layihəsi çərçivəsində təqdim olunan endirimlərdən yararlana biləcəklər.
Endirimlərdən yararlanmaq üçün vətəndaşların “mygov” mobil tətbiqində qeydiyyatdan keçməsi və tətbiqdə əks olunan müvafiq “Sosial Tərəfdaş” kartını ödənişdən əvvəl kassada təqdim etməsi kifayətdir.
Layihənin əsas məqsədi həssas əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaq, sosial rifahının yüksəldilməsinə və sosial dəstək imkanlarından daha rahat faydalanmasına şərait yaratmaqdır.
“Bravo”nun layihəyə tərəfdaş kimi qoşulması ilə “Sosial Tərəfdaş” çərçivəsində təqdim olunan güzəştlərin əhatə dairəsi daha da genişlənir və layihədən faydalanan vətəndaşlar üçün əlavə imkanlar yaranır.
Güzəşt haqqında məlumat almaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
010 712 73 12

