Ələt Azad İqtisadi Zonada məlumat mərkəzinin tikintisinə dair danışıqlar başa çatır

İQTİSADİYYAT
15:38 / 25.09.2026
42

Azərbaycan Ələt Azad İqtisadi Zonada məlumat mərkəzinin tikintisinə dair danışıqları başa çatdırmaq üzrədir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, ölkə yüksək məhsuldarlıqlı hesablama gücü yaratmalıdır: "Hesablama etibarlı enerji, rabitə və fiziki məkan tələb edir və inanırıq ki, Azərbaycan bu üçünə də malikdir. Azərbaycan Avropa ilə Asiya arasında strateji mövqedə yerləşir. Ölkə üzrə fiber-optik rabitə şəbəkəsi mövcuddur ki, məncə, dünyada yalnız bir ovuc ölkə bununla fəxr edə bilər, həmçinin bu gün ən mühüm resurslardan biri olan təxminən iki giqavat artıq enerji gücü var. Bu ambisiya reallığa çevrilir".

R. Həsənov bildirib ki, bir çox dövlət xidmətləri rəqəmsallaşdırılıb və ya rəqəmsallaşdırılma yolundadır: "Dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə öz rəqəmsallaşdırma yol xəritələrini qəbul edirlər və biz birlikdə onlara bu planların icrasında kömək edirik. Dövlət qurumları həmçinin 2027-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulan dövlət buluduna - G-Cloud-a keçirlər".

O hesab edir ki, bu, dövlət informasiya sistemlərinin dayanıqlığının təmin edilməsi istiqamətində mühüm addımdır: "Süni intellekt haqqında müzakirələrdən onun tətbiqinə keçsək, artıq dövlət qurumlarında fəaliyyət göstərən süni intellekt istifadə nümunələrimiz var. Söhbət təhsil sistemində tələbə köməkçisindən, süni intellektə əsaslanan kibertəhlükəsizlik mərkəzindən, kənd təsərrüfatında bitki xəstəliklərinin proqnozlaşdırılmasından və vətəndaş sorğularına cavab verən MyGov süni intellekt köməkçisindən gedir".

 

0