Bakıda sərnişin kanat yollarının yaradılması planlaşdırılır. Layihənin “Bakı Metropoliteni” tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “ Bakupost”a layihənin texniki-iqtisadi şərtlərinin açıqlanmasının vacib olduğunu bildirib.
“Birincisi, marşrutlar harada olacaq? Çünki bu, spesifik bir sərnişindaşıma növüdür. Bir çox ölkələrdə var, məsələn, Lissabonda, Barselonada və İspaniyanın digər şəhərlərində tətbiq olunur. Amma bunun hansı formada və hansı istiqamətlər üzrə həyata keçiriləcəyi əsas məsələdir. Bu, düz xətt üzrə bir qədər çətindir. Yəqin ki, burada müəyyən texniki araşdırmalara da ehtiyac var. Çox qısa zamanda həyata keçiriləcəyi də açıq sual doğurur”, – deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, kanat yolu ümumi şəhər nəqliyyatının bir hissəsi kimi maraqlı və məntiqli layihə ola bilər. Lakin bunun üçün ilkin texniki və iqtisadi şərtlər açıqlanmalıdır.
Gediş haqqına toxunan Natiq Cəfərli qeyd edib ki, kanat yolu ümumi sərnişin nəqliyyat sisteminin bir hissəsi olacaqsa, qiyməti digər ictimai nəqliyyat növlərindən ciddi şəkildə fərqlənməməlidir.
“Fərqlənsə, çox baha olsa, məsələn, vətəndaşlar maraq üçün bəlkə də bir dəfə, iki dəfə minə bilərlər. Amma sonradan daha ucuz nəqliyyat vasitələrini seçə bilərlər. Ona görə də ümumi qiymətlərdən çox da fərqli olmamalıdır”, – deyə Natiq Cəfərli əlavə edib.


