“Sunny Building Center” MMC 170 min ABŞ dolları məbləğində avans ödənişi ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında işə məhkəmədə baxılıb. Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilib və 30 min 216 ABŞ dolları məbləğində cərimələyib.
Məhkəmə qərarına əsasən, şirkət 2024-cü ildə xaricə 170 min dollar köçürüb. Ödəniş sənədlərində vəsait müqavilə üzrə qabaqcadan ödəniş kimi göstərilib. Lakin müəyyən edilmiş müddət ərzində həmin məbləğə uyğun malların idxalı və ya vəsaitin geri qaytarılması tam təmin edilməyib.
Şirkət isə bildirib ki, ödəniş əslində xaricdən alınmış mallara görə həyata keçirilib və bank vəsaiti avans kimi qeydə alıb.
İş üzrə bankın təqdim etdiyi məktubda malların əvvəlcə Azərbaycana gətirildiyi, daha sonra onların dəyərinin xaricə köçürüldüyü qeyd olunub. Bankın fikrincə, bu halda ödəniş avans deyil, idxal edilmiş mallara görə sonrakı ödəniş kimi rəsmiləşdirilməli idi.
Məhkəmə müəyyən edib ki, 170 min dollarlıq ödənişdən sonra eyni müqavilə ilə bağlı 18 min 920 dollar dəyərində mal Azərbaycana idxal edilib. Bu məbləğlə bağlı şübhəni şirkətin xeyrinə həll edən məhkəmə inzibati xətanın obyektini 151 min 80 dollar müəyyən edib.
Nəticədə şirkət həmin məbləğin 20 faizi həcmində – 30 min 216 ABŞ dolları məbləğində cərimələnib.
Şirkətin direktoru Xaşalov Ayxan Natiq oğludur.


