"Azərbaycan 2025-ci ildə Türkmənistanla 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib".
HİT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, Türkmənistandan idxalda enerji məhsulları üstünlük təşkil edir. Ötən il bu ölkədən 36,4 milyon dollarlıq təbii qaz, 12,5 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 7,7 milyon dollarlıq ağır distilyatlar və qazoyllar, 7,4 milyon dollarlıq maye yanacaq idxal olunub:
"Azərbaycan Prezidenti Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışında ölkəmizin Mərkəzi Asiya və eləcə də Türkmənistan ilə iqtisadi əlaqələrinin inkişafına diqqəti çəkib. 2025-ci ildə 208 milyon dollar ticarət dövriyyəmiz olan Türkmənistandan 114.5 milyon dollarlıq mal idxal etmişik. Qardaş ölkəyə ixracatımız 63.8 milyon dollar olub".

Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?
Vüqar Bayramov bildirib ki, Azərbaycan Türkmənistan ilə ötən il 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib:
"Türkmənistandan idxalımız strukturunda enerji məhsulları üstünlük təşkil edir. Belə ki, qardaş dövlətdən təbii qaz (36.4 milyon dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (12.5 milyon dollar), ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (7.7 milyon dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (7.4 milyon dollar), mineral və ya kimyəvi azot gübrələri (2.3 milyon dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün sürtkü yağları (1.4 milyon dollar) və digər məhsullar idxal etmişik.
Türkmənistana satdığımız mallara gəldikdə isə emaledici kənd təssərrüfatı məhsulları üstünlük təşkil edir. Sözügedən dövrdə Azərbaycan Türkmənistana ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza (22.4 milyon dollar), dəmirdən və ya aşqarlanmamış poladdan alınmış məhsullar (7.8 milyon dollar), pambıq lifi (3.9 milyon dollar), qara metallardan alınan konstruksiyalar (1.8 milyon dollar), kərə yağı (931 min dollar) və başqa məhsulları ixrac edib.
Digər qardaş türk dövlətləri ilə olduğu kimi, Türkmənistan ilə də ticarət dövriyyəsini daha da artırmaq prioritetdir. Əsas hədəf qeyri neft-qaz məhsulları üzrə ticari əməkdaşlığı gücləndirməkdir".


