Azərbaycan - Mərkəzi Asiya əməkdaşlığında yeni iqtisadi imkanlar

İQTİSADİYYAT
12:03 / 09.10.2026
207

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistanla əməkdaşlığı son illərdə siyasi dialoq, iqtisadi əlaqələr, nəqliyyat-logistika, enerji və mədəni-humanitar sahələr üzrə genişlənir. 

Ortaq maraqlar və tarixi-mədəni bağlar tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Bəs Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətləri hansılardır və bu əlaqələrin gələcək inkişaf perspektivləri nədən ibarətdir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Görüşünə bir il əvvəl tamhüquqlu üzv olub:

“Hazırda isə ölkəmər növbəti il üçün təşkilatda sədrlik səlahiyyətlərini həyata keçirəcək. Bu, Azərbaycanın qısa müddət ərzində Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan dərin əlaqələr qurmasının göstəricisidir. Mərkəzi Asiya ölkələri mühüm geosiyasi mövqedə yerləşir. Bu region zəngin yeraltı sərvətlərə, geniş insan resurslarına və maliyyə imkanlarına malikdir. Lakin bu potensialın real əməkdaşlığa çevrilməsi üçün münasibətlər qarşılıqlı layihələrlə dəstəklənməlidir.

Əslində, Azərbaycan uzun illərdir bu istiqamətdə fəaliyyət göstərir. Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Görüşünün üzvü olan ölkələrin hər biri ilə ayrı-ayrılıqda dərin tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Həmin ölkələrin hər biri ilə Azərbaycan arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir. Eyni zamanda, C6 formatına daxil olan ölkələrdən Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb”.

412041

Millət vəkili qeyd edib ki, bütün bunlar iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır: 

“Çünki Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışında Azərbaycan mühüm tranzit və logistika qovşağı rolunu oynayır. Azərbaycan da uzun illərdir bu imkanları genişləndirmək üçün müxtəlif kommunikasiya və nəqliyyat infrastrukturu layihələrini həyata keçirir, yeni bağlantılar yaradır.

Bu istiqamətdə Transxəzər marşrutu və TRACECA nəqliyyat dəhlizi ilə yanaşı, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılması baxımından Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəməri mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də artıq fəaliyyət göstərən nəqliyyat bağlantılarından biridir. Bütün bu layihələr Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır”.

H. Babaoğlu diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti çıxışında ortaq brend altında istehsalın təşkil edilməsinin vacibliyini vurğulayıb:

“Hesab edirəm ki, bu istiqamətdə əsas sahələrdən biri pambıqçılıq və tekstil sənayesi ola bilər. Digər perspektivli istiqamət gübrə istehsalıdır. Bu gün dünyada gübrə ilə bağlı ciddi problemlər yaşanır. Türkmənistan isə böyük qaz ehtiyatlarına malikdir. Nəzərə alsaq ki, bir çox gübrələrin istehsalında təbii qazdan və neft məhsullarından xammal kimi istifadə olunur, bu ölkələrlə birgə kənd təsərrüfatı üçün gübrə istehsalının təşkili mümkündür. Dünya bazarında belə məhsullara böyük tələbat var”.

Onun sözlərinə görə, digər əməkdaşlıq istiqaməti kimya sənayesi ola bilər:

“Məlumdur ki, Azərbaycan bu sahədə Avropa ölkələri, xüsusilə də İtaliya ilə əməkdaşlıq edir. Kimya sənayesinin əsas xammal mənbələrindən birinin neft məhsulları olduğunu nəzərə alsaq, Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə daha böyük miqyasda kimya sənayesi məhsulları istehsal edə bilərlər. 

Üstəlik, bu məhsulları yalnız xammal şəklində deyil, müxtəlif emal mərhələlərindən keçirərək daha yüksək əlavə dəyər yaratmaqla dünya bazarına çıxarmaq mümkündür. Bütün bunlar böyük iqtisadi perspektivlər vəd edir. Düşünürəm ki, zaman keçdikcə bu imkanlar konkret layihələrə çevriləcək, iqtisadi əməkdaşlığın genişlənməsinə və real sosial-iqtisadi nəticələrin əldə olunmasına töhfə verəcək”.

Sevinc

0