Orta əsr fermerləri meşələri qıraraq iki dəfə sunamiyə səbəb olublar

DÜNYA
10:21 / 05.11.2026
33

İtaliyanın İzeo gölündə orta əsrlərdə baş vermiş iki güclü sunaminin səbəbi insan fəaliyyəti olub. Alimlərin araşdırmasına görə, meşələrin kütləvi şəkildə qırılması və torpaqdan istifadə qaydalarının dəyişdirilməsi sualtı sürüşmələrə şərait yaradıb. Nəticədə sahil ərazilərini hündürlüyü 50 metrə çatan dalğalar basıb.

HİT.az xəbər verir ki, bu qənaətə beynəlxalq alimlər qrupu gəlib. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Araşdırma zamanı gölün dibindəki çöküntülər, seysmik tədqiqatların nəticələri, arxeoloji tapıntılar və orta əsrlərə aid yazılı mənbələr təhlil edilib. Alimlər əldə olunan məlumatlar əsasında həmin dövrdə baş verən hadisələri kompüter modelləşdirməsi vasitəsilə yenidən canlandırıblar.

Məlum olub ki, orta əsrlərdən əvvəl gölə tökülən Olyo çayının deltası sıx meşələrlə əhatə olunub. Ağacların kökləri və göbələk sistemləri torpağı möhkəmləndirərək sürüşmələrin qarşısını alıb. Lakin Roma imperiyasının süqutundan sonra ərazilərdə otlaq sahələri yaratmaq və faydalı qazıntılar çıxarmaq məqsədilə meşələr kütləvi şəkildə qırılmağa başlayıb.

Bunun nəticəsində gölə daşınan çöküntülərin miqdarı təxminən üç dəfə artıb. Çöküntülər sualtı yamaclarda toplanaraq onların dikləşməsinə və sabitliyini itirməsinə səbəb olub.

İlk böyük fəlakət 1117-ci ildə Veronada baş verən güclü zəlzələdən sonra qeydə alınıb. Sualtı torpaq sürüşməsi böyük həcmdə suyu hərəkətə gətirərək sunami yaradıb. Hesablamalara görə, gölün şimal hissəsində dalğaların hündürlüyü 50 metri keçib, su isə sahildən 2,7 kilometrədək içəriyə doğru yayılıb.

XII əsrə aid və Vatikan kitabxanasında saxlanılan əlyazmada da fəlakətin ağır nəticələrindən bəhs olunur. Tarixi qeydlərə görə, suyun sahillərdən daşması nəticəsində çoxsaylı kənd sakinləri həlak olub, qalalar və istehkamlar dağılıb.

İkinci sunami isə 1222-ci ildə Breşiyada baş verən zəlzələdən sonra yaranıb. Bu dəfə dalğaların hündürlüyü təxminən 13 metrə çatıb, daşqın sahildən bir kilometr məsafəyədək əraziləri əhatə edib.

Tədqiqat müəllifləri oxşar fəlakətlərin yenidən baş verə biləcəyi barədə xəbərdarlıq edirlər. Onların sözlərinə görə, hazırda İzeo gölünün sahilləri sıx məskunlaşıb və tikililərlə əhatə olunub. Son səkkiz əsrdə gölün dibində yeni çöküntülərin də toplanması təhlükəni artıran amillərdən biri hesab olunur.

Samir

0