Son günlər Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsi yenidən gündəmdədir.
ABŞ-nin vasitəçiliyi ilə yeni danışıqlar prosesinə start verilib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner ilk olaraq Moskvaya, ardınca da Kiyevə səfər ediblər. Üstəlik, görüşlərdən sonra həm Rusiya, həm də Ukrayna rəhbərliyi tərəfindən müsbət mesajlar verilib. Bu isə sözügedən müharibənin başa çata biləcəyi ehtimallarının səslənməsinə səbəb olub.
Maraqlıdır, budəfəki danışıqlar prosesi müsbət nəticə verə bilərmi? Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirilməsi, habelə müharibənin başa çatma ehtimalları nə qədər realdır?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Hit.az-a açıqlama verib.
O bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmasların intensivləşməsi yaxın aylarda üçtərəfli danışıqların başlanması ehtimalını artırır:
“Vaşinqtonun Moskva və Kiyevlə paralel əlaqələri, tərəflərdən gələn ehtiyatlı müsbət mesajlar və üçtərəfli formatın müzakirəyə çıxarılması göstərir ki, münaqişənin siyasi yolla həlli yenidən beynəlxalq gündəmin əsas məsələlərindən birinə çevrilib.
Ancaq mövcud diplomatik fəallığı hələ sülhə doğru həlledici dönüş kimi qiymətləndirmək düzgün olmaz. Ərazi məsələləri, Ukraynanın təhlükəsizlik təminatları, atəşkəsin şərtləri və müharibədən sonrakı təhlükəsizlik arxitekturası üzrə Moskva ilə Kiyev arasında fundamental fikir ayrılıqları hələ də qalır”.
Ekspertin sözlərinə görə, bu səbəbdən, ilk mərhələdə üçtərəfli görüşlərin məqsədi yekun sülh sazişindən daha çox tərəflərin mövqelərini yaxınlaşdırmaq və mümkün kompromis çərçivəsini müəyyənləşdirmək ola bilər:
“ABŞ-nin üstünlüyü həm Rusiya, həm də Ukrayna üzərində siyasi və iqtisadi təsir imkanlarına malik olmasıdır. Amma Vaşinqtonun qarşısında mürəkkəb vəzifə dayanır. Bu vəzifənin əsas hədəfi Ukraynanın suverenliyi və təhlükəsizlik maraqları ilə Rusiyanın irəli sürdüyü tələblər arasında qəbul edilə bilən balans yaratmaqdır. Bu balans formalaşmadan əldə olunacaq hər hansı atəşkəsin uzunmüddətli sabitliyə çevrilməsi çətin görünür”.
Politoloq Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüşün baş tutma ehtimalı ilə bağlı isə bunları deyib:
“Belə bir görüşü yaxın perspektivdə istisna etmək olmaz. Lakin onun üçtərəfli danışıqlardan əvvəl deyil, müəyyən məsələlər üzrə ilkin razılaşmalar əldə edildikdən sonra keçirilməsi daha realdır.
Çünki liderlər səviyyəsində görüşün nəticə verməsi üçün əvvəlcədən əsas mübahisəli məsələlər üzrə müəyyən siyasi çərçivənin formalaşdırılması vacibdir. Əks halda, görüş yalnız siyasi mesaj xarakteri daşıya bilər. Digər tərəfdən isə diplomatik təmaslarla yanaşı, hərbi əməliyyatların davam etməsi prosesin kövrəkliyini göstərir”.
Aytən Qurbanova hesab edir ki, tərəflərin danışıqlar masasında daha güclü mövqedə təmsil olunmaq cəhdi diplomatiyanın imkanlarını məhdudlaşdırır:
“Ona görə də, yaxın aylarda əsas məsələ yalnız görüşlərin keçirilməsi deyil, danışıqların real nəticəyə çevrilməsi olacaq. Fikrimcə, Rusiya-Ukrayna-ABŞ üçtərəfli formatının bərpası real siyasi ssenaridir, Zelenski-Putin görüşü isə bu prosesin növbəti mərhələsində gündəmə gələ bilər. Lakin davamlı sülh üçün əsas şərt tərəflərin qarşılıqlı güzəştlərə hazır olması və mümkün atəşkəsin etibarlı təhlükəsizlik mexanizmləri ilə dəstəklənməsidir”.
Elmir Mustafa


