Çempionlar Liqasının yeni formatında "Qarabağ"ın şansları nə qədərdir?

İDMAN
15:53 / 18.03.2024
499

Məlum olduğu kimi, yeni mövsümdən etibarən Çempionlar Liqasının formatı dəyişəcək. 

Yeni formata əsasən, turnirdə mübarizə aparacaq komandaların sayı 32-dən 36-ya yüksələcək. Ən böyük dəyişiklik isə ənənəvi qrup mərhələsinin ləğv olunmasıdır. Komandaların hər biri ilk mərhələdə 10 matça çıxacaq. İlk 8 yerdə qərarlaşan klublar 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 

Digər 8 yer uğrunda isə 9 və 24-cü sıranı tutan komandalar arasında pley-off matçları keçiriləcək. 25-36-cı yeri tutan komandalar isə Çempionlar Liqasında mübarizəni dayandıracaqlar. Onlar, yollarına Avropa Liqası və Konfrans Liqasında davam edə bilməyəcəklər. 

Bəs Çempionlar Liqasının yeni formatında "Qarabağ"ın şanslarını necə qiymətləndirilir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, UEFA Çempionlar Liqasını nəhənglərin turnirinə çevirir: 

346153

"Super Liqa ideyası gündəmə gəldikdən sonra UEFA böyük klubların marağını nəzərə almağa məcbur oldu. Amma “Qarabağ”ın bu mövsüm Avropa Liqasında etdikləri də düşündürücüdür. Azərbaycan təmsilçisi göstərdi ki, futbol 5-6 ölkənin komandalarının monopoliyasında olmamalıdır. 

Bütün hallarda, “Qarabağ” üçün dəyişən heç nə yoxdur. Təmsilçimiz ənənəvi sistemlə - “Çempionlar yolu” ilə nəhənglərin arasına düşməlidir. Yəni “Qarabağ”ın rəqibləri hər mövsüm Çempionlar Liqasında qarşılaşdığı komandalar olacaq. Deməli, şans var və bundan yararlanmaq lazımdır".

Həmsöhbətimiz qeyd edib ki, “köhlən atlar” Çempionlar Liqasında Avropa Liqasındakı kimi iddialı ola bilməyəcəklər:

"Çünki orada büdcəsi az qala bir milyarda çatan komandalar olacaq. Amma Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla, “Qarabağ” da Azərbaycan standartlarında ağlasığmaz məbləğ ələ edəcək. Bu məbləğlə komandanı komplektləşdirmək, daha da inkişaf etdirmək olar. 

Üstəlik, Çempionlar Liqasının qrupunda olmaq prestijdir. Orada oynayan komandaya futbolçu transfer etmək daha asandır. Həm də futbolçu satmaq da perspektivlidir. Çempionlar Liqası həm də nəhəng transfer bazarıdır. Burada oyunçu alıb-satmaq, bu bazarın bir parçası olmaq hər bir klubun arzusudur".

Natiq Muxtarlı vurğulayıb ki, “Qarabağ” bu imkandan maksimum yararlanmalıdır:

"Çünki “Qarabağ” artıq özünü Avropada tanıdan markaya çevirə bilib. Bu komandadan futbolçu almaq istəyənlər olacaq. Üstəlik, “Qarabağ”da oynamaq istəyənlərin də sayı artacaq. Bir sözlə, perspektiv var, qalır ondan yararlanmaq".

Pərviz

0