Məlum olduğu kimi, ötən gün "Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi.
Paytaxt təmsilçisi yenidən Samir Abbasovu bu posta təyin etdiyini açıqladı. Üstəlik, bunun üçün "Sumqayıt"la uzun müddət danışıqlar da aparıldı. Qeyri-rəsmi məlumatlara görə "Neftçi" Samir Abbasovun müqaviləsinə xitam verilməsi üçün "Sumqayıt"a ciddi miqdarda ödəniş edib. Təbii ki, bu fakt təqdiqlənməyib. Lakin bunun özü belə bu keçidin flaqman üçün necə vacib olduğunu ortaya qoyur.
Bəs "Neftçi" nə üçün məhz Samir Abbasovu seçdi?
Bu mövsüm "Neftçi" tarixinin ən bərbad mövsümünü yaşadı. Bakı təmsilçisi Roman Qriqorçuk ilə başladığı mövsümdə biabırçı nəticələrlə üzləşdi. Belə ki, paytaxt klubu meydana çıxdığı 9 matçın 4-ündə məğlub oldu. "Neftçi" Bu oyunlarda sadəcə 5 xal toplaya bildi. Onların da hamısı bərabərlik ilə... Yəni komanda heç bir oyunda qalib gələ bilmədi. Meydana çıxdığı bütün matçlarda uduzan "Kəpəz" qarşısındakı biabırçı məğlubiyyətdən sonra isə Qriqorçukla yollar ayrıldı.
Ondan sonra baş məşqçi üçün bir çox namizədin adı keçdi. Xüsusilə, Türkiyənin tanınmış mütəxəssislərinin adı hallandı. Lakin "Neftçi" sonda Samir Abbasov qərarını verdi. Əslində, bu qərar olduqca doğrudur. Çünki Samir Abbasov "Neftçi"ni çox gözəl tanıyır və klubu yenidən toparlayacaq əsas mütəxəssis də ondan başqası deyil. Bir çox ekspertin fikrincə, klub rəhbərliyi ən doğru qərarı verib.
Samir Abbasov "Neftçi"də nələr edəcək?
Çünki Samir Abbasov "Neftçi" cameəsi üçün hər hansısa bir adam deyil. O, kluba son çempionluğunu qazandırmış bir mütəxəssisdir. İndiki vəziyyətdə də onun qaytarılması komandanın sürətli bir şəkildə toparlanması üçün atılan addımdır. Zamanında çox dar kollektivlə gözoxşayan futbol oynadan Samir Abbasov komandanı çempion etmişdi.
Üstəlik, "Qarabağ" kimi hegemonluq edən bir komandaya qarşı mübarizədə çempionluq tilsimini qıraraq bu uğura nail olmuşdu. Bundan başqa, Samir Abbasov "Sumqayıt" kimi aşağı büdcəli komandanı belə qısa müddətdə avrokuboklara daşıya bilmişdi.
Yəni "Neftçi"nin Samir Abbasov qərarı kifayət qədər doğrudur. Təbii ki, ondan gözləntilər də böyükdür. Onun bu mövsüm komandanı özünə gətirməsi və liqanın ilk üçlükdə tamamlaması, yeni mövsümdə isə çempionluq uğrunda sona qədər mübarizə aparması gözlənilir...
Pərviz