Rusiyada vəba təhlükəsi: Ölkəmizə keçə bilər?

SAĞLAMLIQ
11:05 / 06.10.2026
146

Rusiyanın İrkutsk vilayətində vəba bağlı yaranan şübhələr xəstəliyin qonşu ölkələrə keçmə ehtimalı ilə bağlı narahatlıqları da artırıb. 

Xüsusilə sərhədlərarası hərəkətin intensiv olduğu bir şəraitdə infeksiyanın digər ölkələrə daşınması nə dərəcədə mümkündür? Bəs Rusiya ilə birbaşa və ya regional əlaqələri olan Azərbaycan üçün real epidemioloji risk varmı?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, əslində söhbət vəbadan deyil, taundan gedir:

“Vəba da karantin tətbiq edilən, təhlükəli infeksion xəstəliklərdən biridir. Lakin hazırkı hadisə Yersinia pestis bakteriyasının törətdiyi taun infeksiyası ilə əlaqələndirilir. Məlumata görə, hadisə İrkutsk vilayətində yerləşən Taun Əleyhinə İnstitutun əməkdaşı ilə bağlıdır. 28 yaşlı qadın naməlum etiologiyalı pnevmoniya səbəbilə həyatını itirib. 

Onun ölümünün taunun ağciyər forması ilə əlaqəli olduğu ehtimal edilir. Taunun bubon forması da mövcuddur və xəstəliyin müxtəlif formaları ciddi təhlükə yarada bilər. İlkin ehtimallara əsasən, əməkdaş laboratoriyada tədqiqat apararkən yoluxa və ya infeksiyaya təbii ocaqlarda məruz qala bilərdi. Hadisənin dəqiq yoluxma mənbəyi isə araşdırmaların nəticəsində müəyyənləşməlidir”.

411715

Həkim qeyd edib ki, taun tarix boyu ağır epidemiyalara səbəb olmuş təhlükəli infeksiyalardan biridir:

“Xüsusilə “Qara ölüm” adı ilə tanınan pandemiyalar zamanı milyonlarla insan həyatını itirib. Bu gün isə taun, vəba ilə mübarizə imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli genişdir. Buna baxmayaraq, xəstəliyin yayılması baş verərsə, qısa müddətdə ciddi insan tələfatına səbəb ola biləcəyi nəzərə alınmalıdır”.

Professor hesab edir ki, hadisənin baş verdiyi ərazidə zəruri karantin və epidemioloji nəzarət tədbirləri gücləndirilməlidir: 

“Hadisənin başqa ehtimalları da nəzərdən keçirilə bilər. Məsələn, bunun müəyyən təxribat xarakterli hadisə olması və müharibə fonunda diqqəti başqa istiqamətə yönəltmək məqsədi daşıması ehtimalını da tamamilə istisna etmək olmaz. Bioloji amillərdən istifadə ehtimalı ilə bağlı müxtəlif ssenarilər əvvəllər də müzakirə olunub. Lakin hazırkı mərhələdə belə ehtimalların təsdiqləndiyini söyləmək mümkün deyil. Bununla bağlı real vəziyyət araşdırmaların nəticəsindən sonra daha aydın olacaq”.

Adil Qeybulla vurğulayıb ki, Azərbaycan üçün də epidemioloji nəzarət baxımından diqqətli olmaq lazımdır:

“Xüsusilə transsərhəd keçid məntəqələrində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədəuyğundur. Taunun Azərbaycana gətirilməsi və yayılması ehtimalı ciddi epidemioloji problem yarada bilər. Buna görə də vəziyyətin diqqətlə izlənilməsi və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir”.

Sevinc

0