Əri ev işlərinə kömək etməyən qadınların üzərinə düşən 5 əsas məsuliyyət

MARAQLI
22:56 / 05.10.2026
42

Ailə həyatında ev işlərinin yalnız bir tərəfin üzərinə düşməsi fiziki və psixoloji yorğunluğa səbəb ola bilər. Xüsusilə həyat yoldaşının gündəlik məsuliyyətlərdə iştirak etmədiyi ailələrdə qadın həm ev, həm də uşaqlarla bağlı işlərin böyük hissəsini öz üzərinə götürür.

HİT.az xəbər verir ki, “YourTango” belə vəziyyətlərdə qadınların üzərinə daha çox düşən 5 əsas məsuliyyəti sadalayıb və yükün bölüşdürülməsi üçün bəzi tövsiyələr verib.

1. Evdə tədbirlərin planlaşdırılması

Ailə bayramları, uşaqların ad günləri və digər xüsusi günlərin təşkili çox vaxt qadının üzərinə düşür. Mənbəyə görə, belə hallarda bütün işləri tək görmək əvəzinə həyat yoldaşına konkret tapşırıqlar vermək və onun üzərinə müəyyən məsuliyyət qoymaq olar.

2. Uşaqlara əsas qayğının göstərilməsi

Uşaqların məktəbə aparılması, dərsdənkənar fəaliyyətlərinin təşkili və gündəlik qayğıları da bəzən yalnız ananın məsuliyyəti kimi qəbul edilir. Halbuki bu, hər iki valideynin üzərinə düşən vəzifədir. Məsələn, uşaqları məktəbə aparmaq və ya həftəsonu onların idman məşqlərinə nəzarət etmək kimi konkret işlər ataya həvalə edilə bilər.

3. Maliyyə və ailə büdcəsinin idarə olunması

Bütün maliyyə məsələlərinin yalnız bir tərəf tərəfindən idarə edilməsi əlavə yük yarada bilər. Ailə büdcəsi, hesabların ödənilməsi və digər maliyyə məsələləri barədə hər iki tərəfin məlumatlı olması tövsiyə edilir. Bunun üçün ayda bir dəfə gəlir, xərclər və ödənişlərlə bağlı birgə müzakirə aparmaq mümkündür.

4. Ev işləri və gündəlik məişət

Təmizlik, alış-veriş, yemək hazırlamaq, zibilin atılması və digər məişət işlərinin yalnız qadının üzərinə düşməsi zamanla ciddi yorğunluq yarada bilər. Mütəxəssislərin tövsiyəsinə əsasən, işləri konkret şəkildə bölüşdürmək, zərurət olduqda isə təmizlik xidməti və ya digər yardım imkanlarından istifadə etmək mümkündür.

5. Qonaqların qarşılanması

Ailə üzvlərinin və qohumların evə gəlməsi də yalnız qadının məsuliyyəti olmamalıdır. Qonaqların qarşılanması, süfrənin hazırlanması və onlarla ünsiyyətdə hər iki həyat yoldaşının iştirak etməsi münasibətlərdə yükün daha ədalətli bölüşdürülməsinə kömək edə bilər.

Mənbə qeyd edir ki, evdəki məsuliyyətlərin bölüşdürülməsi tərəflər arasında əvvəlcədən açıq şəkildə müzakirə olunmalıdır. Konkret vəzifələrin müəyyənləşdirilməsi həm gündəlik yükü azaltmağa, həm də ailə daxilində məsuliyyət hissini gücləndirməyə kömək edə bilər.

Samir

0