Bu həftəsonu da bizi möhtəşəm futbol matçı gözləyir.
Bu dəfə isə sözügedən derbi Almaniya Bundesliqasında keçiriləcək. Belə ki, "Bayern Münhen" ("Bavariya") ilə "Borussiya Dortmund" qarşı-qarşıya gələcək. Həyəcanla gözlənilən matç sabah Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Maraqlıdır, alman nəhənglərinin duelində hansı komanda qələbəyə daha yaxındır?
Bununla bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, "Bayern" ilə "Borussiya Dortmund"un matçları Almaniyada azarkeşlərin ən çox sevdiyi rəqabətlərdən biridir:
"Türkiyədə "Qalatasaray" - "Fənərbağça" derbilərində olduğu kimi Almaniyada da "Borussiya Dortmund" - "Şalke 04" matçları çox gərgin keçir. Hərçənd ki, Almaniyada son illər ərzində onlar arasında çempionluq uğrunda mübarizə olmayıb. Lakin "Borussiya Dortmund" ilə "Bayern Münhen" dəfələrlə çempionluq uğrunda yarışıblar. Bu qarşılaşmalarda da statistikaya görə öndə olan tərəf "Bayern"dir".
Ekspert hər iki komandanın bu həftə Çempionlar Liqasında məğlub olduğunu xatırladıb:
"Çempionlar Liqası matçlarında hər iki komandanın problemləri olduğu açıq-aşkar göründü. Bu isə psixoloji olaraq daxili çempionatdakı oyunlara da bir balaca yansıyır. Lakin "Dortmund" rəqibinə nisbətən daha geridə görünür".
Aslan Kərimovun proqnozuna əsasən, "Bavariya" qələbəyə daha yaxındır:
"Daxili çempionatda "Bayern"in resursları onlarla müqayisədə daha yaxşıdır. Yəni heyətlərindəki keyfiyyətli futbolçu sayı kifayət qədər çoxdur. "Borussiya Dortmund"un isə müdafiə xətti çox zəifdir. Bu isə sabahkı matçda həlledici faktor ola bilər. Bütün bunlara görə sözügedən matçda "Bavariya" qələbəyə daha yaxın olacaq".
Pərviz