Dünən axşam hər bir azərbaycanlı ekran qarşısında böyük qürur hissi yaşadı.
Çünki Azərbaycan minifutbol millisi ikinci dəfə Avropanın ən böyüyü oldu. Lakin bu qələbə sadəcə bir kubokun daha muzeyimizə gəlməsi demək deyil. Bu, bir idman növünün ölkədə necə fenomenə çevrilməsinin, saf istedadın və inamın necə qızıl tarixə çevrilməsinin hekayəsidir. Gəlin dürüst olaq. Bir neçə il əvvəl minifutbol deyəndə çoxumuzun ağlına sadəcə işdən sonra dostlarla toplaşıb “xalça meydança”da qaçmaq, həftəsonu hobbi xatirinə top qovmaq gəlirdi.
Kimin ağlına gələrdi ki, o məhəllə turnirlərinin ab-havasından, o sadə süni ot örtüklərindən çıxan uşaqlar günün birində dünyanın və Avropanın nəhəng dövlətlərini bir-bir sıraya düzəcək? Öncə Avropa çempionluğu, ardınca Dünya kuboku və dünənki o möhtəşəm ikinci Avropa zəfəri!
Bu, artıq təsadüf deyil!
Təsadüf bir dəfə olar. Bu, artıq açıq-aşkar Azərbaycanın hegemonluğudur. Bəs nədir bu komandanın sirri? Milyonluq transferlər? Xeyr. Dünyanın ən bahalı akademiyaları? Yenə xeyr. Bu uşaqların sirri meydandakı o “bir yumruq” ola bilmək ruhudur. Minifutbol elə bir dinamik idmandır ki, burada böyük futboldakı kimi ssenarini zamana yaymaq, tempisıxmaq olmur. Səhv etməyə, saniyəlik diqqətsizliyə yer yoxdur.
Hər an taktika, hər an gərginlik və hər an fədakarlıq tələb olunur. Millimiz bu gərginliyi idarə etməyi, rəqibin iradəsini sındırmağı mükəmməl bacarır. Meydana çıxanda hər bir oyunçunun gözündə o qələbə aclığını, o döyüşçü ruhunu görmək mümkündür. Onlar sadəcə top oynamırlar, sanki hər matçda bütöv bir xalqın idman şərəfini qoruyurlar.
Bu tarixi uğur həm də ölkə idmanına böyük bir dərs, böyük bir mesajdır.
Deməli, düzgün sistem, ürəklə oynayan idmançılar və inam olanda ən əlçatmaz görünən zirvələr belə fəth edilirmiş. Böyük futbolda illərdir axtardığımız, həsrətini çəkdiyimiz o qələbə sevincini minifutbol millisi bizə bəxş etdi.
Dünən yaşıl meydanda bir daha sübut olundu ki, idmanda adlar, büdcələr deyil, xarakter qələbə qazanır. Avropa bir daha bizim uşaqların iradəsi qarşısında baş əydi. Bu dastanı yazan, bizə bu qüruru yaşadan hər bir kəsin əllərinə sağlıq. Çempionluq bu komandaya, bu ölkəyə həqiqətən çox yaraşır!
Pərviz Şimşək


