Azərbaycan yenidən Avropanın zirvəsində!

İDMAN
15:53 / 05.06.2026
147

“Slovakiyanın Bratislava şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında milli komandamızın qazandığı möhtəşəm qələbə hər bir azərbaycanlının qəlbini sevinc və qürur hissi ilə doldurdu”.

Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, final qarşılaşmasında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən komandamız ikinci dəfə Avropa çempionu olmaqla Azərbaycan idman tarixinə daha bir parlaq səhifə yazdı:


“Bu zəfər Azərbaycan gəncliyinin əzminin, iradəsinin, vətən sevgisinin və qalib ruhunun növbəti təntənəsidir. Son illərdə milli komandamızın qazandığı nailiyyətlər 2022-ci ildə Avropa çempionluğu, 2025-ci ildə dünya çempionluğu və ötən gün yenidən Avropa çempionu Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunun daha da möhkəmləndiyinin göstəricisidir”.

Millət vəkili vurğulayıb ki, sözügedən qələbələrin arxasında məqsədyönlü dövlət siyasəti, gənclərə göstərilən diqqət və idmanın inkişafına verilən xüsusi önəm dayanır:
“Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Müasir idman komplekslərinin tikilməsi, gənclərin sağlam ruhda formalaşdırılması, onların beynəlxalq yarışlara hazırlanması üçün yaradılan geniş imkanlar günümüzdə real nəticələrini verir.

Azərbaycan gəncliyi hər sahədə olduğu kimi idmanda da ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dünyanın ən nüfuzlu yarışlarında yüksəklərə qaldırır. Bratislavada səslənən Azərbaycan himni, dalğalanan dövlət bayrağımız hər bir vətəndaşımız üçün qürur və iftixar mənbəyidir”.

Deputat qeyd edib ki, futbolçularımız Avropa çempionu olmaqla yanaşı, milyonlarla azərbaycanlının qəlbində qələbə sevinci yaşatdılar, xalqımızın qalib ruhunu bir daha bütün dünyaya nümayiş etdirdilər:
“Milli komandamızın bütün üzvlərini, məşqçi heyətini, Azərbaycan Minifutbol Federasiyasını və bütün xalqımızı ürəkdən təbrik edirəm. Qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələr fəth edəcək, yeni qələbələr qazanacaq və əzəmətli bayrağımız dünyanın ən mötəbər arenalarında daha da yüksəklərdə dalğalanacaq”.

Elmir Mustafa

0