“Bu gün futbol bayramı başlayır. Bütün dünya Dünya Çempionatını böyük maraq və həyəcanla izləyəcək”.
Bu sözləri “CBC Sport” telekanalının və “Footcast TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Dünya Kubokunda hər mundialdan öncə hər kəsin öz favoriti olur:
“Mənim də favoritim Fransa yığmasıdır, amma azarkeşlik etdiyim kollektiv Türkiyə millisi olacaq. Təbii ki, mundiallarda sürprizlər əksik olmur. Dünya çempionu olduqdan sonra Fransanın qrup mərhələsində qaldığı 2002-ci il Dünya Çempionatı hər birimizin yaddaşındadır. Belə nümunələr çox çəkmək olar.
Mundial öncəsi favorit açıqlamaq çox rahatdır, o da kağız üzərində edilən dəyərləndirmələrə görə. Lakin qrup mərhələsinin ilk oyunlarından sonra təxminən müəyyən bir fikir yürütmək olar ki, hansı kollektiv sürpriz edə bilər, hansı kollektivin oyunu daha yaxşı alınır. Yəni bütün bunlar diqqət mərkəzində olacaq”.
Ekspert qeyd edib ki, bu gün müzakirə predmetinə çevrilən əsas məsələlərdən biri də ABŞ-də komandalara qarşı yoxlanış qaydaları və bir sıra qadağalardır:
“Hətta yerləşmə məkanları ilə bağlı bəzi yığmalar narazılıq ifadə ediblər. Ona görə müəyyən mənada problemləri də mundialın gedişində özü ilə gətirəcəyi heç kimə şübhə doğurmur.
Ötən il ABŞ-də keçirilən Klublararası Dünya Çempionatı da futbolçuların ürəyincə olmamışdı. Çünki gah isti olurdu, gah fırtına qopurdu. Üstəlik, kollektivlər tornado təhlükəsi ilə üz-üzə qalırdılar. Bu mundialda da belə hallar yaşana bilər”.
Həmsöhbətimiz hesab edir ki, Fransa yığması həm start 11-liyi, həm də ehtiyat oyunçular skamyasında əyləşən oyunçuları ilə çox güclüdür:
“Məncə, Fransa heyətini iki qrupa bölərək iki fərqli turnirə qatılsa yenə favorit olar. Bundan başqa, Braziliya hər mundial öncəsi bir çoxlarının favoriti sayılır. Lakin Avropada xüsusilə Fransa və İspaniyanı fərqləndirmək lazımdır.
Eyni zamanda, Yaponiya yığması da həm sürətli, xətlərarası məsafəni çox düzgün qoruyan, həm də müdafiədən sürətli hücuma keçidlərlə diqqət mərkəzində olan kollektivdir. Onların ¼ final mərhələsinə qədər getməsi təəccüblü olmaz”.
Elçin Cəfərov qardaş Türkiyə yığmasından gözləntilər barədə də danışıb:
“Türkiyə yığmasının 24 ildən sonra mundiala vəsiqə qazanmağı hər birimizi sevindirir. Təbii ki, bu həsrətin yekununu xoş notlarla bitirmək istəyirlər. Onların hədəfi ilk olaraq qrup mərhələsini aşmaqdır. Lakin Türkiyə millisi adətən qrup mərhələlərində heç də yaxşı təsir bağışlamır. Həmişə son anlara qədər mübarizə aparırlar. Ancaq ümid edirik ki, bu qrup mərhələsində belə həyəcan yaşatmazlar”.
Mütəxəssis vurğulayıb ki, Dünya Çempionatının qrup mərhələsində əsas prioritet qalib gəlməsən belə, məğlub olmamaqdır:
“Çünki mundialda hər xalın çox böyük əhəmiyyəti var. Ardıcıl üç oyunu heç-heçə edib növbəti mərhələyə adlayan kollektivlər görmüşük. Ona görə də Türkiyə ilk növbədə oyunlarda məğlub olmamalıdır. Hesab edirəm ki, Türkiyə qrup mərhələsini aşacağı təqdirdə, ən azından ¼ final mərhələsinə qədər irəliləyə bilər. Çünki qardaş ölkə millisində oyunçuların potensialı yüksəkdir”.
Elmir Mustafa



