Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər?

İQTİSADİYYAT
23:32 / 13.11.2026
44

Dünya bazarında ərzağın bahalaşması ailələrin gündəlik xərclərinə uzun müddət təsir edə bilər. Beynəlxalq Valyuta Fondunun (BVF) araşdırmasına görə, bu bahalaşmanın inflyasiyaya təsiri neft qiymətlərindəki artımdan daha uzun çəkir.

Oxu.Az xəbər verir ki, araşdırmaya əsasən dünya ərzaq qiymətlərinin 10 faiz yüksəlməsi Qafqaz və Mərkəzi Asiya regionunda ilk il ümumi inflyasiyanı iki faiz bəndindən çox artırır. Yəni digər şərtlər dəyişmədikdə, beş faiz ola biləcək inflyasiya yeddi faizdən yuxarı qalxa bilər.

BVF-nin göstərdiyi səbəblərdən biri idxaldan asılılıqdır. Xaricdən alınan ərzaqla yanaşı, gübrə və kənd təsərrüfatında istifadə olunan digər resursların bahalaşması da qiymətlərə təzyiq yaradır. Milli valyutanın ucuzlaşması həmin məhsulların alınmasını daha da bahalaşdıra bilər.

Üstəlik, problem yalnız xaricdən gətirilən məhsulun qiyməti ilə bitmir. Əlverişsiz hava şəraiti, yerli istehsaldakı çətinliklər, daşınma və logistika problemləri də bahalaşmanı gücləndirə, onun təsirini uzada bilər.

Digər amil insanların və biznesin gələcək qiymətlərlə bağlı gözləntiləridir. Bahalaşmanın davam edəcəyi düşüncəsi əməkhaqqı və satış qiymətləri müəyyənləşdirilərkən nəzərə alınarsa, ilkin qiymət artımı başqa məhsul və xidmətlərə də keçə bilər.

Fondun araşdırmasında ərzaq bahalaşmasının inflyasiyaya təsirinin iki ildən artıq davam etdiyi göstərilir. Neft qiymətlərindəki artımın təsiri isə bir ildən sonra zəifləyir.

BVF həssas ölkələrdə ehtiyacı olan ailələrə ünvanlı yardım göstərilməsini, eyni zamanda kənd təsərrüfatına və infrastruktura investisiya qoyulmasını tövsiyə edir. Məqsəd həm ailələrin yükünü azaltmaq, həm də ərzağın istehsalı və çatdırılmasındakı çətinlikləri aradan qaldırmaqdır.
 

0