Arıqlamaq üçün istifadə edilən inyeksiya preparatları qısa müddətdə çəkinin azalmasına kömək etsə də, bu proses bəzi sağlamlıq problemləri ilə müşayiət oluna bilər. Xüsusilə həzm sisteminin fəaliyyəti, öd kisəsi və xarici görünüşdə baş verən dəyişikliklər diqqət çəkir.
HİT.az xəbər verir ki, bu barədə endokrinoloq və dietoloq Anton Polyakov “AİF” nəşrinə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, arıqlama preparatlarının yaratdığı yan təsirlər həm dərmanların təsiri, həm də bədən çəkisinin sürətlə azalması ilə bağlı ola bilər.
Ən çox rast gəlinən problemlərdən biri mədə-bağırsaq sisteminin fəaliyyətində dəyişikliklərdir. Preparatların təsiri nəticəsində həzm sisteminin hərəkətliliyi zəifləyə, bu isə qəbizlik riskini artıra bilər.
Polyakovun diqqət çəkdiyi digər məsələ öd kisəsinin fəaliyyətidir. Sürətli arıqlama zamanı öd kisəsinin boşalması pozula bilər ki, bu da öd daşlarının yaranma ehtimalını yüksəldir.
Bundan başqa, qida qəbulunun azalması və həzm prosesinin dəyişməsi bağırsaq mikrobiomunun tərkibinə də təsir göstərə bilər. Həkim bunun potensial olaraq orqanizmdə iltihabi proseslər və immun sisteminin fəaliyyəti ilə əlaqəli dəyişikliklərə səbəb ola biləcəyini bildirib.
Mütəxəssis sürətli çəki itkisinin xarici görünüşə təsirindən də danışıb. Əhəmiyyətli dərəcədə arıqlama nəticəsində dəri sallana, üz və bədən cizgiləri dəyişə bilər. Bu hal tibbdə rəsmi diaqnoz olmasa da, gündəlik dildə “Ozempik üzü” adlandırılır.
Həkimin sözlərinə görə, bəzi hallarda bu dəyişikliklərin korreksiyası üçün kosmetoloji prosedurlara, hətta plastik cərrahiyyəyə ehtiyac yarana bilər.
Mütəxəssis arıqlama məqsədilə inyeksiya preparatlarından istifadənin həkim nəzarəti altında aparılmasının vacibliyini vurğulayıb.
Samir


