Trampın Ukrayna ilə bağlı sülh planı sual altındadır: Razılaşma üçün vaxt daralır

DÜNYA
13:42 / 26.11.2026
34

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına yanvarın əvvəlinədək nail olmağa çalışsa da, bu planın reallaşması çətin görünür. Kreml güzəştə getmək istəmir, Avropa müttəfiqləri isə Vaşinqtonun Kiyevə həddindən artıq təzyiq göstərməsindən narahatdır.

HİT.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşrinin köşə yazarı Kristian Keril bildirib.

Müəllifin fikrincə, Ağ Ev danışıqları ABŞ Konqresində yeni siyasi qüvvələr nəzarəti ələ almamış başa çatdırmağa çalışır. Xüsusilə aralıq seçkilərdə demokratların əldə etdiyi qələbədən sonra yanvar ayından etibarən Trampın indiki qədər sərbəst hərəkət imkanlarının olmayacağı gözlənilir.

Avropa diplomatları isə ABŞ administrasiyasının sülh naminə Ukraynadan həddindən artıq güzəştlər tələb etməsindən ehtiyat edirlər.

Keril Trampın tələskənliyinin arxasında iqtisadi maraqların da dayana biləcəyinə diqqət çəkir. Onun yazdığına görə, Moskva ABŞ tərəfinə neft, qaz, alüminium və strateji əhəmiyyətli faydalı qazıntıların hasilatı sahələrində genişmiqyaslı biznes layihələri təklif edir. Rusiyalı nümayəndə Kirill Dmitriyevin qiymətləndirməsinə əsasən, bu layihələrin ümumi dəyəri 14 trilyon dollara çata bilər.

Lakin belə razılaşmaların reallaşması üçün Rusiyaya qarşı Qərb sanksiyalarının bir hissəsinin ləğvi tələb oluna bilər. Müəllif ABŞ prezidentinin ətrafındakı şəxslərin də bu iqtisadi əməkdaşlıqdan şəxsi fayda əldə edə biləcəyi ehtimalını gündəmə gətirir.

Hərbi tarixçi Fillips O'Brayenin fikrincə, Vaşinqtonun hazırkı yanaşması Rusiya üçün olduqca əlverişli razılaşma əldə etməyə hesablanıb.

Putin güzəştə getməyə tələsmir

Məqalədə qeyd olunur ki, Trampın Vladimir Putin və Çin lideri Si Cinpinlə Çinin Şençjen şəhərində keçirdiyi son sammit də Ukrayna məsələsində nəzərəçarpacaq irəliləyişlə nəticələnməyib. Görüşdən bir neçə gün sonra Rusiya ordusunun Ukraynaya raket zərbələri endirməsi, o cümlədən Volodimir Zelenskinin doğma şəhərinin hədəfə alınması vəziyyətin mürəkkəbliyini bir daha göstərib. Hücum nəticəsində yeddi yaşlı uşaq da daxil olmaqla iki nəfər həlak olub.

Müəllifin qənaətinə görə, Putin kompromisə hazır olduğunu nümayiş etdirmir və Avropanın təhlükəsizlik sisteminin yenidən qurulması, eləcə də NATO-nun 1997-ci il sərhədlərinə qayıtması kimi tələblər irəli sürür.

Nəşrin istinad etdiyi avropalı rəsmilərdən biri vəziyyəti belə ifadə edib: "Amerikalılar tələsir, Putin isə tələsmir".

Bununla yanaşı, Ukraynanın hərbi imkanları da danışıqlardakı vəziyyətə təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Məqalədə Kerç körpüsünə hücum, Rusiyanın neft emalı zavodlarına zərbələr və Rusiya ordusunun irəliləyişinin qarşısını almağa yönəlmiş əməliyyatlar xatırladılır.

Keril hesab edir ki, Avropa ölkələrinin mövqeyi, Ukraynanın hərbi müqavimət imkanları və Kremlin maksimalist tələblərindən geri çəkilməməsi Trampın planlarını çətinləşdirir. Bu səbəbdən yeni Konqresin fəaliyyətə başlayacağı yanvar ayınadək sülh razılaşmasının əldə olunması perspektivi qeyri-müəyyən olaraq qalır.

Samir
 

0