Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb.
HİT.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün hökumət binası qarşısında jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycana səfəri ilə bağlı danışan Simonyan səfərin dekabrın əvvəlində baş tutacağını deyib. O, səfərin Bakıya olmayacağını vurğulayıb.
“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, – Simonyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcəyini bildirib. Alen Simonyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə o, Azərbaycana səfər edəcək. Simonyanın sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin iyun ayında ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, həmin vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryanla görüşmüşdü. Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilmişdi ki, növbəti görüş Azərbaycanda keçiriləcək.


